"(Cəhl və şirk vasitəsi ilə) öldüyü halda öz hidayətimizlə həyat bəxş etdiyimiz, xalq arasında yolunu tapa bilməsi üçün bir nur qərar verdiyimiz kəs, (cəhl və şirk) zülmətlərində qərar tutub qurtula bilməyən kəs kimi ola bilərmi? Beləcə, kafirlər üçün etdikləri işlər zinətləndirilmişdir.”
Bu ayə Peyğəmbərin (s) əmisi Həmzənin iman gətirməsi ilə bağlı nazil olmuşdur. Həmzə Əbu-Cəhlin həzrət Peyğəmbərə (s) və onun əqidəsinə vurduğu zərbələrdən xəbər tutub peyğəmbəri himayə etdi. O, Əbu-Cəhli tapıb onun başına bir zərbə endirdi. Həmzə dedi: "Mən bu gündən Məhəmmədə (s) iman gətirirəm.” Həmin vaxtdan şəhadət gününədək Həmzə İslam üçün rəşadətli və imanlı bir sərkərdə oldu.
Quranda həm nütfə mərhələsindən əvvəlki mərhələ, həm də azğınlıq "ölüm” adlandırılmışdır. Eləcə də, otsuz-ələfsiz torpaq, həm müvəqqəti, həm də həqiqi ölüm "ölüm” kimi zikr edilmişdir.
İmam Baqir (ə) buyurmuşdur: "Xalq arasında yolu quyudan ayırd edib göstərən nur imam və səmavi rəhbərdir.”
1. İnsanın həqiqi həyatı iman, həqiqi ölümü isə küfrdür.
2. Hidayət Allahın işidir. Amma hidayət üçün zəminəni insanın özü yaradır.
3. Misal, sual-cavab və müqayisədən istifadə təbliğ və tərbiyədə təsirli üsuldur.
4. Mömin üçün çıxılmaz vəziyyət yoxdur. Onun cəmiyyətdə həm baxışı, həm də hərəkəti var.
5. Nur olmayan yerdə zülmətlər insanı bürüyür.
6. Haqq bir, batil isə çoxdur. ("Nur” sözü tək, "zülmət” sözü cəm halda işlədilmişdir.)
7. İman və ilahi hidayət nurundan savay bəşər üçün başqa bir qurtuluş yoxdur.
8. İnsanın öz əməllərini gözəl bilməsi onun təkamülünə və zülmətdən çıxmasına mane olur.
9. İmansız insanın əməlləri onun baxışına və təfəkkürünə təsir göstərir.
10. Kafirlərin cazibəli ixtiraları (əsrin texnoloji tərəqqisi) insanları o qədər aludə etmişdir ki, öz süqutlarını dərk edə bilmirlər.