Əl-Ənam ‏ surəsi - Ayə: 121

Məkkəvi Quran-ı Kərim
Əl-Ənam ‏ surəsi - Ayə: 121
(Kəsilərkən başı) üzərində Allahın adı çəkilməmiş (və murdar olmuş) şeydən yeməyin ki, onu yemək əlbəttə, (Allaha qarşı) itaətsizlikdir. Həqiqətən şeytanlar öz köməkçi və dostlarına sizinlə mübahisə edərək çəkişsinlər deyə gizlincə («Allahın öldürmüş olduğu heyvan sizin öldürdüyünüzdən daha yaxşıdır» kimi sözlər) təlqin edirlər. Əgər onlara itaət etsəniz, onda siz də (ya doğrudan da) müşriksiniz (ya da müşrik hökmündəsiniz).
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Ənam ‏ surəsi 121. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 121 MÖHSÜN QƏRAƏTİ.

"Allah adı çəkilməyən şeylərdən yeməyin. Çünki onu yemək (bəndəlik dairəsindən çıxmaq,) həddi aşmaqdır. Həqiqətən, şeytanlar öz dostlarına təlqin edirlər ki, sizinlə höcətləşməyə qalxsınlar. (Məsələn, deyirlər ki, ölü heyvanla kəsilmiş heyvan arasında nə fərq var ki?!) Əgər onlara itaət etsəniz, şübhəsiz, siz də müşrik olarsınız.”

     

    Nöqtələr
    Haram yemək qəlbdə qəsavət yaratdığından, onu bərkitdiyindən başqa günahlar üçün də zəmindir. İslam haram yeməyi ciddi şəkildə qadağan etmişdir.
    "Maidə” surəsinin 5-ci ayəsində oxuduq ki, kitab əhlinin yeməkləri sizin üçün halaldır. Bu ayə isə deyir: "Allahın adı çəkilmədən kəsilmiş hər bir heyvanın əti haramdır.” Kitab əhli bu şərtə riayət etmədiyindən onların süfrəsindəki ətlər bizim üçün haram olur. Qeyd olunmuş ayədə isə ətsiz xörəklər nəzərdə tutulmuşdur. 
    Şeytanlar bu sayaq vəsvəsələr edirlər: "Ölü heyvanı Allah öldürüb və Allahın öldürdüyü heyvan insanın öldürdüyündən üstündür. Nə üçün ölü heyvan haram, zibh olunmuş heyvan isə halal olmalıdır?” Bilməliyik ki, əsas məsələ Allahın əmrlərini yerinə yetirməkdir. Ölü heyvanın qanı onun bədənində qaldığından, adətən, bu qanda xəstəliklər olur. Bundan əlavə, heyvanın ölməsi özü də onun xəstəlik dəlilidir.
    Bildirişlər
    1. Müsəlman hətta qidalanma məsələsində də dini öhdəçiliklərə əməl etməlidir.
    2. Zibh zamanı Allahın adının çəkilməsi sadəcə dəbdəbə deyil. Bu hökmü icra etmək zəruridir. Onu tərk etmək isə günah sayılır.
    3. Harada inamsızlıq çoxdursa, təkidə ehtiyac var. Zibhin halallığını cahil insanlara qəbul etdirmək çətin olduğundan Allah bu məsələni bir neçə təkidlə bəyan edir.(İsmi cümlə, "innə” və "lam” hərfi təkid nişanəsidir.)
    4. Haramla qidalanan insanda şeytani təlqinləri qəbul etmək üçün zəmin yaranır.
    5. Şeytanların vəsvəsə və təlqin gücü var.
    6. Şeytanın vəsvəsələri Allahın övliyalarına yox, yalnız onların öz övliyalarına təsir edir.
    7. İnsanın höcətlərinin əsasını vəsvəsələr və həvəslər təşkil edir.
    8. İlahi hökmlər mövzusunda höcətləşmə şeytani təlqinlərdəndir.
    9. Dini hökmlərdə höcətləşmə insanı şirkə çəkir.
    10. Əməldə Allahdan qeyrilərinə tabe olan allahpərəstlər müşrikdirlər.
    Müəllif: MÖHSÜN QƏRAƏTİ.