Əl-Ənam ‏ surəsi - Ayə: 109

Məkkəvi Quran-ı Kərim
Əl-Ənam ‏ surəsi - Ayə: 109
Onlar möhkəm andlarıyla Allaha and içdilər ki, əgər onlara (mələyin nazil olması, Salehin dəvəsi, Musanın əsası və İsanın süfrəsi kimi dedikləri möcüzələrdən) bir nişanə və möcüzə gəlsə, ona mütləq iman gətirəcəklər. De: «Həqiqətən möcüzələr yalnız Allahın ixtiyarındadır (möcüzə peyğəmbərlik iddiasının dəlilidir və dəlilin seçilməsi iddiaçının öhdəsinədir)». (Axı) siz nə biləsiniz ki, əgər o da gəlsə onlar (yenə də) iman gətirməyəcəklər?
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Ənam ‏ surəsi 109. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 109 MÖHSÜN QƏRAƏTİ.

"Ən ağır andları ilə Allaha and içdilər ki, əgər onlara möcüzə və nişanə gəlsə, hökmən ona iman gətirəcəklər. De ki, möcüzələr yalnız Allaha məxsusdur. (Onun əlindədir.) Nə bilirsiniz (Biz bilirik), əgər möcüzə də gəlsə, onlar iman gətirməyəcək.”
Nöqtələr
Qüreyşdən olan bir dəstə kafir həzrət Peyğəmbərin (s) yanına gəlib dedi: "Sən də Musa, İsa kimi möcüzələr gətir ki, sənə iman gətirək.” Həzrət soruşdu: "Nə edim?” Dedilər: "Səfa dağını qızıla çevir, ölülərimizi dirilt, Allah və mələkləri bizə göstər.” Sonra and içdilər ki, bu halda iman gətirəcəklər. Ayə nazil oldu ki, möcüzə Allahın əlindədir və xalqın istəyi ilə yox, ilahi hikmətlə gerçəkləşir.  Möcüzə xalqın istəklərini yerinə yetirəcək həddə yox, höccəti (dəlilləri) tamamlayacaq həddə zəruridir. Allahı görmək kimi istəklərin ağıla zidd olmasını bir kənara qoysaq da, varlıq nizamı oyuncaq deyildir ki, müşriklərin istəyi ilə dəyişdirilsin.
Bildirişlər
1. Məkkə müşrikləri Allahı qəbul edirdilər və Ona and içirdilər.
2. Müxaliflərin yalan andlarına aldanmayın.
3. Dəlil gətirək, amma axmaq istəklərə cavab verməyək.
4. Peyğəmbərlərin möcüzələri Allahın əlindədir.
5. İnadkarlıq sağalmaz dərddir və inadkarlar hansı möcüzəni görsələr də, iman gətirməzlər.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.