Ali-İmran surəsi - Ayə: 135

Məkkəvi Quran-ı Kərim
Ali-İmran surəsi - Ayə: 135
Və o kəslər ki, çirkin bir iş (böyük günah) gördükdə və ya (kiçik bir günahla) özlərinə zülm etdikdə, Allahı yada salar və günahları üçün bağışlanmaq istəyərlər. Günahları Allahdan başqa kim bağışlaya bilər? Və onlar etdikləri işdə bilərəkdən israr etməzlər.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ali-İmran surəsi 135. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 135 MÖHSÜN QƏRAƏTİ.

"(Təqvalılar) o kəslərdir ki, pis iş gördükdə və ya özlərinə zülm etdikdə Allahı xatırlayıb, günahlarına görə tövbə edərlər. Allahdan başqa günahları bağışlayan kimdir? (Müttəqilər) günahın pisliyini bildiklərindən gördükləri işi təkrarlamazlar.
Nöqtələr
Bəzi təfsirçilər "fahişə” sözünün zinaya, "zülm” sözünün isə digər günahlara aid olduğunu bildirmişlər. Başqa bir qrup təfsirçinin fikrincə isə "fahişə” böyük günahlara, "zülm” isə kiçik günahlara işarədir.
Rəvayətdə oxuyuruq ki, ötən günahlara diqqətsizlik və tövbənin tərk olunması günahın israrı, təkrarlanması kimidir("Kafi”, c. 2, səh. 287. )
İmam Sadiq (ə) buyurmuşdur: "Bu ayə nazil olduğu vaxt İblis bütün yaxınlarını toplayıb çarə axtardı, lakin heç bir şey tapmadı. Bu zaman vəsvase-xənnas dedi: "Mən çarə bilirəm! Onlara vədə verərəm, arzuları ilə başlarını qataram ki, günaha batsınlar. Elə ki, günaha batdılar, tövbəni yadlarından çıxararam.”("Vəsail”, c. 11, səh. 66. )
Bildirişlər
1. Bəzən müttəqi fərdlər də günaha yol verir.
2. Günahdan da qorxulu odur ki, günah və onun pisliyinə diqqətsiz olasan. Müttəqilər isə günaha mürtəkib olan kimi tövbə edirlər.
3. İnsanın batdığı günaha görə dərhal tövbə etməsi təqva nişanəsidir.
4. Allahın zikri tövbə rəmzidir.
5. Nə qədər ki, günahkarın qəlbində Allah zikri diridir, o, müttəqilər zümrəsinə qatıla bilər.
6. Günah insanın özünə zülmüdür.
7. Günahları yalnız Allah bağışlaya bilər.
8. Müttəqilər günah üzərində israr etmir, onu təkrarlamırlar. Günahın təkrarlanması onun kiçik sayılması və Allah zikrindən qəflət nişanəsidir.
9. Davamlı olaraq günahı təkrarlamaq ilahi bağışlanmadan məhrumluq səbəbidir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.