"Əgər (Ühüd döyüşündə) sizə yara (zərər) toxundusa, şübhəsiz ki, kafir dəstə də o sayaq yaralandı. Biz günləri (məğlubiyyət və qələbə günlərini) xalq arasında dövr etdiririk ki, Allah iman gətirənləri müəyyənləşdirsin və sizlərdən şahidlər tutsun. Allah zalımları sevmir (bəzən zahirən qalib olsalar da).”
Ayə müsəlmanlara təsəlli verməklə həqiqəti bəyan edir. Bildirilir ki, əgər müsəlmanlar haqq yolda canla bağlı hansısa zərərlərə düçar olurlarsa, düşmənlər də onlar kimi öldürülür və yaralanırlar. Əgər bu gün müsəlmanlar Ühüddə qələbə çalmadılarsa, düşmənlər də bir gün Bədrdə məğlub olmuşdular. Çətinliklərə səbir etmək lazım gəlir.
"Şəhidlər”, "şəhid”, "şahid” sözləri, adətən, Quranda "agah olma” mənasında işlədilsə də, söhbət döyüşdən və yaralanmadan getdiyi üçün buradakı "şəhidlər” sözünü Allah yolunda öldürülmüşlər kimi mənalandıranlar səhv etməmişlər.
Müsəlmanlar aşağıdakı bilgiləri nəzərə alaraq ruhdan düşməməlidirlər:
a) Siz uca mərtəbəlisiniz.
b) Sizin düşmənləriniz də yaralanmışlar.
v) Bu acı günlər ötüb keçər.
q) Allah həqiqi möminləri münafiqlərdən seçir.
d) Allah gələcək tarix üçün sizdən şahidlər tutur.
e) Allah sizin müxaliflərinizi sevmir.
İmam Sadiq (ə) bu ayə haqqında buyurmuşdur: "Allah Adəmi yaratdığı gündən ilahi və şeytani qüvvələr bir-birləri ilə mübarizədədirlər. Allah bir vaxt həzrət Qaimin (ə) zühuru ilə kamil ilahi hakimiyyəti bərqərar edər.("Təfsire-Əyyaşi”, c. 1, səh. 199. )
1. Müsəlmanlar səbir və dözümdə kafirlərdən geri qalmamalıdırlar.
2. Acı və şirin hadisələr daimi deyil.
3. Döyüşlərdə və həyatın eniş-yoxuşlarında həqiqi iman əhli münafiqlərdən seçilir.
4. Allah haqq yolda sizlərdən şəhidlər seçir ki, Allahın dinindən asanlıqla üz döndərməyəsiniz.
5. Allah sizin özünüzdən şahidlər tutub ki, rəhbərə itaətsizlik necə də məğlubiyyətə aparıb çıxarır.
6. Kafirlərin müvəqqəti qələbəsi Allahın onlara məhəbbətinin nişanəsi deyildir.
7. Tarixi hərəkatlar və cərəyanlar Allahın iradəsindən asılıdır.