Ən-Nisa surəsi - Ayə: 32

Məkkəvi Quran-ı Kərim
Ən-Nisa surəsi - Ayə: 32
Heç vaxt Allahın, vasitəsilə birinizi digərinizdən üstün etdiyi şeyi arzulamayın (kişilər və qadınlar bir-birlərinin şər’i, qanuni, cismi və ruhi üstünlüklərini, eləcə də heç bir şəxs və ya dəstə başqasının Allah tərəfindən verilmiş mal, məqam və övlad kimi üstünlüklərini arzulamasın. Çünki bu imtiyaz və üstünlüklər hikmətə və yaradılış aləminin kamilliyinə əsaslanır və ona zidd arzular cəmiyyətdə paxıllığın və fəsadın aşkar olmasına səbəb olur). Kişilərin (ixtiyari və ya qeyri-ixtiyari xüsusiyyətlərlə) qazandıqlarından (əldə etdiklərindən) payları vardır. Həmçinin qadınların qazandıqlarından payları vardır. Allahdan (bir şey istədikdə) Onun fəzlindən istəyin ki, həqiqətən Allah hər bir şeyi biləndir (hər bir kəsə onun xeyrinə olanı verir).
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ən-Nisa surəsi 32. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 32 MÖHSÜN QƏRAƏTİ.

"Allahın birinizin o birinizdən üstünlük səbəbi qərar verdiyini arzulamayın. Kişilər üçün əldə etdiklərindən bir bəhrə var. Qadınlar üçün də kəsb etdiklərinin (qazandıqlarının) bir bəhrəsi var. (Arzu və həsəd əvəzində) Allahın fəzlindən istəyin. Allah hər şeyi biləndir.”
Nöqtələr
Əvvəlki ayələrdə haram yemək qadağan olundu. Bu ayədə isə haram yeməyin köklərinə işarə olunur. Bildirilmişdir ki, bunun səbəbi tamah, arzu və rəqabətdir.
Ədalət bərabərlik demək deyil. Ədalət daim dəyərlidir. Bərabərlik isə bəzən dəyərsiz də ola bilər. Hətta bərabərlikdə zülm də müşahidə olunur. Məsələn, həkim bütün xəstələrə eyni dərman verərsə, müəllim bütün şagirdlərə eyni qiymət yazarsa, bu iş bərabərlik olsa da, ədalət olmaz. Ədalət odur ki, hər bir kəsə onun haqqını verək. İnsanın ləyaqət və kamalına görə onu dəyərləndirmək haqqın bərpası, batilin süqutudur. "Təbiz” heç bir əsas olmadan fərqləndirməkdir. Adi halda isə hansısa meyarlara əsasən fərqləndirməyin heç bir eybi yoxdur. Bütün deyilənləri nəzərə alsaq, bərabərlik yox, ədalət arzusunda olmalıyıq. Hamının və hər şeyin eyniliyini arzulamaq yersizir. Bir əzanın üzvləri, bir mexanizmin hissələri forma, material və funksiya baxımından fərqlənə bilər. Amma bütün bu fərqlərdə bir hikmət var. Əgər Allah hər şeyi eyni şəkildə yaratmayıbsa bu onun hikmətini göstərir. Ona görə də bizdən asılı olmayan xüsusiyyətlərə görə, məsələn, gözəlliyə, istedada, nitqə, yaddaşa, ömrün uzunluğuna görə və bütün bunların bölgüsünə şükür edib Allahın təqdirindən razı olmalıyıq. Əgər Allahı ədalətli və hikmət sahibi kimi tanıyırıqsa, anlamadığımız işlərdə tələsik mühakimə yürütməməliyik. Hansısa bir bölgünün hikmətini anlamadığımız üçün hikmət sahibi olan Allaha sui-zənn etməməliyik. Əgər hansısa xüsusiyyətlərinə görə bir insan bizdən üstündürsə, ona həsəd aparmağa dəyməz. Çünki kimə çox verilmişsə, çox da tələb olunacaq. Yəni çox nemət çox məsuliyyət deməkdir. Neməti əldə etməyin sevinci ilə onu itirməyin qəmi arasında elə də böyük fasilə olmur. Bu məsələ "Nəhcül-bəlağə” də yetərincə işıqlandırılmışdır.
Əgər öz əlimizdədirsə çalışmalı, səy göstərməli, tənbəllikdən çəkinməli və sağlam rəqabətlə güc və müstəqillik əldə etməliyik. Amma məhrumiyyəti aradan qaldırmaq öz əlimizdə olmadıqda yaranmış fərqləri cəmiyyətin inkişaf, imtahan və təhrik amili saymalıyıq. Çünki bütün xalq eyni imkanlara malik olsaydı, səxavət, şücaət, isar kimi səciyyələr istifadəsiz qalardı. İnsanın xarakteri eniş-yoxuşlarda açılır. İnsanı başqaları ilə bağlılığa sövq edən onun ehtiyaclarıdır.
İmam Sadiqdən (ə) bu ayə haqqında soruşulduqda buyurmuşdur: "Kimsə başqasının zövcə və övladına göz dikməsin. Amma Allahdan onlar kimisini istəsin.”("Vəsail”, c. 12, səh. 241. )
Bu ayə nazil olduğu vaxt səhabələr peyğəmbərdən soruşmaq istədilər ki: "Allahın fəzlindən istəyin” təbirində məqsəd nədir?” Belə bir qərara gəlindi ki, Həzrət Əli (ə) bu mövzunu həzrət Peyğəmbərə (s) açıqlasın. Peyğəmbər (s) uyğun sualın cavabında buyurdu: "Allah ruziləri xalq arasında halal yolla bölmüşdür. Haram da onların qarşısındadır. Kim haram ruzidən əldə etsə, halal ruzisindən həmin qədər azalar və harama görə hesaba çəkilər.”("Təfsire-Əyyaşi”, c. 1, səh. 215.)
Bildirişlər
1. Allahın verdiklərinə razı olaq. Həsəd göstərib başqalarından üstün olmaq istəməyək.
2. İslamda iqtisadi və əxlaqi məsələlər bir-birlərindən təcrid olunmuş şəkildə deyil.
3. Zalımların, istismarçıların yaratdıqları fərqlər Allahın qərar verdiyi fərqlərdən köklü şəkildə ayrıdır.
4. Yaranış və xarakter baxımından qadın və kişi arasındakı fərqlər Allahın Öz yaratdıqlarına üstünlük verməsi nümunələrindəndir.
5. Həm qadın, həm də kişi öz nailiyyətlərinə bərabər şəkildə malikdirlər.
6. Başqalarında olanı təmənna etmək əvəzinə, səy və təlaş göstərək.
7. İnsan öz qazancının yalnız bir hissəsinə sahibdir. Onun qazancının digər bir hissəsi fəqirlərin və İslam hökumətinin payıdır.
8. Həm iş lazımdır, həm də dua.
9. Başqalarının əlində olana göz dikmək əvəzinə, Allahın fəzl və lütfünə göz dikmək lazımdır.
10. Meyllərimizi düzgün istiqamətə yönəldək. İnsanda arzu var. Amma bu arzunun yönünü Allahdan nemət diləməyə istiqamətləndirək. Başqalarından nemətlərin alınması istəyində olmayaq.
11. Allahın Öz bəndəsinə bir şeyi verməsi və ya ondan bir şeyi alması hikmət və agahlıq əsasında baş verir. (Allahın elminə iman insanın tamahının və başqalarının əlində olana göz dikməsinin qarşısını alır.)
Müəllif: MÖHSÜN QƏRAƏTİ.