Ən-Nisa surəsi - Ayə: 25

Məkkəvi Quran-ı Kərim
Ən-Nisa surəsi - Ayə: 25
Sizlərdən azad və möminə qadınlarla evlənməyə maddi imkanı olmayan şəxs malik olduğunuz kənizlərdən cavan və möminə qızlarla evlənsin. Allah imanınızı daha yaxşı bilir. Hamınız bir-birinizdənsiniz (hamınız iman telləri vasitəsi ilə bir-birinizə bağlanmış bədənin üzvlərisiniz). Buna görə də sahiblərinin icazəsi ilə onlarla evlənin və mehriyyələrini zina əhli və gizlin aşnası olana deyil, namuslu olduqları təqdirdə gözəl bir tərzdə onlara ödəyin. Beləliklə əgər bu qadınlar (kənizlər) evlənəndə(n sonra) çirkin işə (zinaya) mürtəkib olsalar, onların cəzası azad qadınlar üçün olanın yarısı qədərdir. (Kənizlə evlənməyə verilən) bu (icazə) sizin (subaylıq) məşəqqət(in)dən və (zinanın) zərər(in)dən qorxanınız üçündür. Sizin üçün səbr etmək daha yaxşıdır. Allah çox bağışlayan və mehribandır.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ən-Nisa surəsi 25. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 25 MÖHSÜN QƏRAƏTİ.

"İmanlı azad qadınlarla evlənməyə maddi imkanı çatmayanlarınız maliki olduğu imanlı kənizlərlə (evlənə bilər). Allah sizin imanınızı daha yaxşı bilir. Hamınız bir-birinizdənsiniz (azad olduğunuz üçün özünüzü kənizlərdən üstün saymayın) Sahiblərinin izni ilə kənizlərlə evlənin, onlara yaxşı və layiqli mehriyyə verin. Bir şərtlə ki, onlar pak olsunlar, zinakarlıq etməsinlər, gizlində aşna tutmasınlar. Ərə getmiş kənizlər zinaya yol verdikdə onların cəzası azad qadınların cəzasının yarısı qədərdir. Bu, günah və zinaya düşməkdən qorxanlarınız üçündür. Bununla belə, səbir etmək (kənizlərlə evlənməmək) sizin üçün daha yaxşıdır. Allah bağışlayan və mehribandır.”
Nöqtələr
Əvvəlki ayənin nöqtələrində deyildiyi kimi, "əl muhsənatil-möminat” sözü azad qadınlara işarədir. Çünki bu söz qarşısında kənizlər mənasını bildirən "fətəyatikumul-möminat” ifadəsi zikr olunmuşdur. Quran başqa bir yerdə də kənizlər haqqında danışarkən "fətəyat” sözünü işlətmişdir: "Öz kənizlərinizi zinaya məcbur etməyin.”("Nur”, 33. )
"Əxdan” sözü "xidn” sözünün cəm forması olub, dost və rəfiq deməkdir. Amma, adətən, bu söz gizli və qeyri-şəri yolla əlaqə saxlayan adamlar (aşna) haqqında işlədilir. Bu söz aşkar zinaya yol verənlərə aid "müsafihat” sözü qarşısında işlədilmişdir.
"Tovl” sözü güclü və imkanlı olmaq, "ənət" sözü isə çətinlik və əziyyət mənasını bildirir.
Kəniz sahibi olanlar izdivac əqdi olmadan yaxınlıq hüququna malikdirlər. Bu ayədə başqalarının mülkü olan kənizlərlə izdivacda sahiblərinin icazəsi ilə əqd zəruri sayılmışdır.
Kənizlərlə izdivac bəyənilməmişsə də, kənizlər arasında ləyaqətli qadınlar çox olmuşdur. Bəzi övliyalar məhz kənizlərin kamal sahibləri olduqları üçün onlarla ailə qurmuşlar. Belə kənizlərin övladları böyük şəxsiyyətlər olmuşdur.
Bildirişlər
1. İslamda izdivac üçün çıxılmaz vəziyyət yoxdur.
2. Qanunu hazırlayan kəs bir tərəfdən fərdlərin təbii ehtiyaclarına, digər tərəfdən onların iqtisadi çətinliklərinə diqqətli olmalıdır.
3. Kənizlə izdivacı qəbul edin, amma günah ləkəsini yox!
4. Qadının azad olması şərtindən ötüb keçmək olar, amma iman şərtindən yox!
5. Hər bir izdivacda iman əsas şərtdir.
6. Evlənmək üçün zahiri iman kifayətdir. Biz qəlbləri araşdırmağa vəzifəli deyilik.
7. Kənizlə evlənmək alçaqlıq deyil.
8. Qızın ərə getməsində atanın icazəsi şərt olduğu kimi, kənizin də ərə getməsində onun sahibinin icazəsi şərtdir.
9. Sahiblər bilsinlər ki, kənizlər onların öz əhlidirlər.
10. Kənizlərə də azad qadınlar kimi yaxşı mehriyyə verilməlidir.
11. Mehriyyəni kənizin özünə verin. Qulların da iqtisadi və ictimai haqlarına riayət olunmalıdır.
12. Mehriyyə təyinində cəmiyyətdəki orta hədd və qadının şəni meyardır.
13. İzdivacın davamında paklıq, günahdan və qeyri-qanuni əlaqələrdən uzaqlıq şərtdir.
14. Zinaya yol vermiş kəniz bir sıra məhrumiyyətlərə məruz qaldığından yarı cəzalandırılır.
15. Cəmiyyətdə evlənmə şərtləri yüngül olarsa, bir çox cinsi azğınlıqların qarşısı alınar.
16. Psixoloji sağlamlıq İslamın əsas hədəflərindəndir.
17. Kənizlə izdivacdan çəkinmək daha yaxşıdır.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.