"Allaha pərəstiş edin və heç nəyi Ona şərik qoşmayın. Ata-anaya yaxşılıq edin. Yaxınlara, yetimlərə, çarəsizlərə, yaxın qonşulara, uzaq qonşulara, dost-yoldaşa, yolda qalanlara, əli aşağı olanlara, qullarınıza da (yaxşılıq edin.) Həqiqətən, Allah təkəbbürlü və lovğa olanı sevmir.”
Bu ayə ilahi haqlardan başlamış qul haqlarınadək olan məsələləri bəyan edir. Bu, İslamın ümumilik və hərtərəflilik nişanəsidir.
«Yaxın və uzaq qonşular» dedikdə, qohum və ya qohum olmayan, eləcə də, həməqidə və həməqidə olmayan qonşular nəzərdə tutulur. Rəvayətlərin bildirdiyinə görə, hər tərəfdən 40 evədək qonşu sayılır.("Vəsail”, c. 12, səh. 131. ) Belə çıxır ki, kiçik bir məntəqədə hamı qonşudur.
Ayədəki "əssahibi bil-cənb” ifadəsi daimi və müvəqqəti rəfiqlərə, yol yoldaşlarına, xeyir ümidi ilə insana yaxınlaşanlara aiddir.
"İbnis-səbil” (yol oğlu) deyərkən elə bir insan nəzərdə tutula bilər ki, vətənində imkanlı olsun, amma biz onu və yaxınlarını tanımayaq, yalnız bunu bilək ki, səfər zamanı yolda qalmışdır. O, bir yol oğludur ki, himayə olunmalıdır.
"Muxtal” xəyal aləmində özünü böyük düşünüb, lovğalanan kəsə deyilir. At öz yolunu təkəbbürlə getdiyindən bəzən ona da "xəyl” demişlər.
«Ata-anaya ehsan dedikdə» onlara məhəbbət, xidmət, maddi, elmi və mənəvi kömək, onlarla məşvərət nəzərdə tutulur.
Valideynə ehsanda onların yaxşı-pis olması şərt deyil. Valideynə ehsan başqa bir məsələdir, itaət başqa bir məsələ. Valideyn öz övladını Allah rizasına zidd bir işə dəvət etdikdə ona itaət göstərilməməlidir.
İmam Hüseyn (ə) buyurmuşdur: "Peyğəmbər (s) və Əli (ə) bu ümmətin atalarıdır.” Sonra Həzrət Qurandan həmin bu ayəni oxumuşdur.("Təfsire-Əyyaşi”, c. 1, səh. 241.)
1. Allaha təkcə ibadət etmək bəs deyil. Hər cür şirk və riyadan da uzaq olmaq lazımdır.
2. Ata-anaya yaxşılıq Allaha bəndəlik və tövhid sayəsində olmalıdır.
3. Həqiqi allahpərəst öz yaxınlarına, məhrumlara, qonşulara vəfalı və məsul olmalıdır.
4. Uzaq qonşuların da insanın öhdəsində haqları vardır.
5. Ehsan edərkən bu məsələdə üstünlükləri nəzərə alın. Valideyn qohumlardan, qohumlar isə yetimlərdən öndə gəlir.
6. Valideynə, qohumlara, yetimlərə, məhrumlara diqqətsizlik təkəbbür və lovğalıq nişanəsidir.
7. İnsan təvazökarlıqla ehsan etməlidir. Ayənin əvvəlində ehsan etmək tapşırılırsa, sonunda təkəbbür qadağan edilir.