"Ey iman gətirənlər! Bir-birinizin mallarını öz aranızda nahaqdan yeməyin. Yalnız bir-birinizin razılığı ilə olan ticarət istisnadır. Özünüzü (bir-birinizi) öldürməyin. Həqiqətən, Allah sizə münasibətdə daim mehriban olmuşdur.”
Qətlin qadağasının haram yeməyin qadağasından sonra gəlməsi buna işarə ola bilər ki, qeyri-sağlam iqtisadi sistem məhrumların zalımlar əleyhinə qiyamına, çaxnaşmalara, qətllərə və cəmiyyətin məhvinə səbəb olur.
İmam Sadiq (ə) bu ayəni oxuyarkən buyurmuşdur: "Bir şəxs qaytara bilməyəcəyini anladığı halda borc alırsa, batil mal yeyir.”("Kafi”, c. 5, səh. 95.) İmam Baqir (ə) bu ayə haqqında buyurmuşdur: "Sələm, qumar, əskik satmaq və zülm batilin nümunələrindəndir.”("Təfsire-Nurus-səqəleyn”.)
Həzrət Peyğəmbər (s) cana təhlükəli olduğu halda soyuq su ilə dəstəmaz, qüsl yerinə yetirməyi insanın özünü qətlə yetirməsi saymışdır.("Təfsire-Nurus-səqəleyn”.)
İmam Sadiq (ə) buyurmuşdur: "Əgər bir müsəlman təkbaşına kafir məntəqəsinə daxil olub öldürülərsə, sanki özünü öldürmüşdür.”("Təfsire-bürhan”, c. 1, səh. 363. )
Məsum rəhbərləri qətlə yetirmək insanın özünü öldürməsi, cəmiyyəti fəlakətə aparması nümunələrindəndir. İmam Sadiq (ə) uyğun göstərişi açıqlayarkən belə buyurmuşdur: "Yəni öz peyğəmbərinizin Əhli-beytini (ə) öldürməyin.”("Təfsire-Furat-Kufi”, c. 101. )
1. Hər bir fərdin mülkiyyəti toxunulmazdır. Başqalarının mülkünə düzgün olmayan yolla, onun razılığı olmadan əl uzatmaq haramdır.
2. Cəmiyyətin vahid ruhu və müştərək taleyi var. Başqalarının mallarını öz malınız kimi möhtərəm sayın.
3. Haqqa əsaslanmayan istənilən bir sərf qadağandır.
4. Alış-veriş tərəflərin razılığı əsasında olmalıdır. Bu işdə məcburiyyətə yol yoxdur.
5. İnsanın canı möhtərəmdir. Ona görə də istər intihar, istərsə də başqasını qətlə yetirmək haramdır.
6. İslam hökmləri və göstərişləri ilahi rəhmət şöləsidir.