"Əgər sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz, kiçik günahlarınızı pərdələyər və sizi dəyərli bir yerə daxil edərik.”
Bu ayədən məlum olur ki, günahlar iki növdür: Səğirə və kəbirə (kiçik və böyük). "Kəhf” surəsinin 49-cu ayəsində oxuyuruq ki, günahkarlar qiyamətdə öz əməl namələrini görüb deyərlər: "Bu necə əməl naməsidir ki, heç bir kiçik və böyük günah ötürülməyib.”
İmam Kazimdən (ə) soruşurlar ki, bu ayədə Allah kəbirədən çəkinənlərin səğirə günahlarını bağışlayacağını vəd etmişsə, bəs şəfaət nə üçündür? İmam (ə) buyurmuşdur: "Şəfaət ümmətin kəbirə günah edənləri üçündür.”("Tövhidi-Səduq, səh. 407. )
Rəvayətlərə əsasən, hansı günah müqabilində Allah od vəd etmişsə, həmin günah kəbirə günahdır.("Kafi”, c. 2, səh. 276. ) Qətl, intihar və ya başqalarının malına təcavüz müqabilində od vədinin səbəbi əvvəlki ayədə kəbirə günah nümunələrinin sadalanması ola bilər.
Rəvayətlərdə kəbirə günahların sayı müxtəlif şəkillərdə göstərilmişdir. Çünki kəbirə günahların da dərəcələri vardır. Onlardan bəziləri "əkbərul-kəbair” adlandırılmışdır.
1. Düşüncə və əməl üsulu düzgün olanların kiçik xətaları bağışlanmalıdır.
2. Böyük günahları tərk edənlərin mükafatı odur ki, Allah onların kiçik günahlarını bağışlayır.
3. Kəbirə və səğirə günahlardan təmizlənməmiş behiştə getməyəcəyik.