Ən-Nisa surəsi - Ayə: 148

Məkkəvi Quran-ı Kərim
Ən-Nisa surəsi - Ayə: 148
Allah zülmə məruz qalmış şəxs istisna olmaqla (qeybət etmək, böhtan demək, pisləmək, söz gəzdirmək və qarğış etmək kimi) pis sözlərin aşkar və ucadan deyilməsini sevmir. Allah həmişə eşidən və biləndir.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ən-Nisa surəsi 148. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 148 MÖHSÜN QƏRAƏTİ.

"Allah pis sözün aşkarlanmasını sevmir. Yalnız sitəm olunmuş kəs istisnadır (danışa bilər). Allah eşidən və biləndir.”
Nöqtələr
Ayə məzluma fəryad çəkmək icazəsi verir. Bu ayə "Şura” surəsinin qırx birinci ayəsinin oxşarıdır. Ayədə buyurulur: "Hər kəs zülm gördükdən sonra yardım arasa və intiqam alsa məzəmmət olunmaz.”
Quran pisliklərin ifşasını dəfələrlə qadağan etmişdir. Pisliyin açıqlanması kəbirə günah sayılmışdır və bu günah üçün əzab vəd edilmişdir. "Nur” surəsinin 19-cu ayəsində də möminlərin pis işinin açıqlanması günah sayılmışdır.
"Mən zulimə” (zülm olunmuş) təbiri bir neçə cür mənalandırılmışdır:
1. "Mimmən zulimə” mənasında, yəni zülmə məruz qalmış kəsin fəryadı caizdir.
2. "Limənzulimə” mənasında, yəni insan özü də məzlum olmasa, başqa məzlumun yerinə fəryad çəkər.
3. "Əla min zummə” mənasında, yəni sakit oturub zülmü qəbul etmiş məzluma etiraz olaraq fəryad çəkilməsi. (Birinci ehtimal daha məntiqi görünür.)
İnsanın eybini xalqın qarşısında açmaq haramdır. Amma onların eybini özlərinə demək olar. Çünki peyğəmbər buyurmuşdur: "Mömin möminin güzgüsüdür.”("Bihar”, c. 74, s. 233.)
İmam Sadiq (ə) bu ayə haqqında buyurmuşdur: "Qonaqlıq edib, qonaqları xoşa gəlməyən şəkildə qəbul edən kəs zülm edənlərdən sayılır. Qonaq onun haqqında danışsa, eybi yoxdur.”("Vəsail”, c. 12, s. 289. )
Bildirişlər
1. Küllü və əsas qanun odur ki, xalqın eyblərinin ifşası və bəyanı haramdır. Yalnız xüsusi hallar istisnadır.
2. Xalqın eybinin ifşası istənilən bir şəkildə haramdır. (Şerlə, hekayə ilə, şikayətlə və ya başqa yolla.)
3. İslam cəmiyyətinin bir nişanəsi də odur ki, məzlum azad şəkildə zalıma qarşı səsini çıxara bilər.
4. Məzlum zalımın qeybətini edə bilər.
5. İslam məzlumların himayədarıdır. Zalımlar bilsinlər ki, qeybətin haram olması onların zülmünə yol açmır.
6. Qanundan sui-istifadə qadağandır. Zalımlar bilsinlər ki, qeybətin haram olması onların zülmünə yol açmır.
7. Zalımın qeybətini yalnız məzlum edə bilər. Məzlum zalımın eybləri haqqında yox, zülmü haqqında danışa bilər.("Təfsire-Əl-Mizan. )
8. İslam cəmiyyətində zalıma ehtiram yoxdur. Zalım məhkum edilməli və xalqa tanıtdırılmalıdır.
9. İnsani dəyərlərə münasibətdə "əhəm” və "mühüm” (əhəmiyyətli və daha əhəmiyyətli) prinsipinə riayət olunmalıdır. Məzlumun müdafiəsi həya və sükutdan daha dəyərlidir.
10. Eyblərin ifşasında həddi aşmayın. Çünki Allah eşidən və biləndir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.