"(Münafiqlər) o kəslərdir ki, daim (pislik məqsədi ilə) sizi izləyirlər. (Məqsədləri budur:) Əgər Allah tərəfindən sizə qələbə nazil olsa, desinlər ki, məgər biz sizinlə deyildik? (İftixar və qənimətlərə də şərik olmalıyıq.) Əgər kafirlərə (qələbədən) bir bəhrə çatsa, desinlər ki, məgər biz sizi təşviq edən, sizi onların zərərindən və möminlər qarşısında təslimçilikdən qoruyan deyilik? Allah qiyamət günü sizin aranızda hakimlik edəcək. Allah heç vaxt kafirlərə müsəlmanlar üzərində qələbə yolu qərar verməmişdir.”
Quran müsəlmanların qələbəsini "fəth”, kafirlərin qələbəsini "nəsib” sözləri ilə yad etmişdir. Bununla bildirilir ki, kafirlərin xoş günü ötəridir və gerçək qələbə haqqındır.
"Nəstəhviz” "həvz”, "baldırın arxası” kökündən alınmışdır. Çünki dəvəçi dəvəni hərəkətə gətirmək üçün onun adı çəkilən hissəsinə qamçı vurur. Burada kafirlərin müsəlmanlar əleyhinə savaşa təşviq olunması nəzərdə tutulur.
Fəqihlər müxtəlif fiqhi məsələlərdə kafirlərin möminlər üzərində qələbəsinin mümkünsüzlüyünü sübut etmək üçün "lən yəcələllah”cümləsinə istinad edirlər. Əlbəttə ki, get-gəl, məlumat toplanması, təhsil, mədəni və iqtisadi mübadilələr kafirlərin hakimiyyəti və möminlərin zəlalətinə səbəb olmazsa, pis sayılmır. Çünki rəvayətdə oxuyuruq: «Çin ölkəsinə səfər bahasına olsa da təhsil alın.» Həzrət Peyğəmbər (s) buyurmuşdur: "Hər bir kafir əsir on müsəlmana elm öyrətsə, onu azad edirəm.” Məsum imamların dövründə müsəlmanlarla başqaları arasında bu sayaq müamilələr olmuşdur.
1. Münafiqlər fürsətdən istifadə edirlər. Onlar imkan yaranan kimi öz xeyirlərinə bəhrələnirlər.
2. Münafiqlər kafirlərin casuslarıdır və onları müsəlmanlarla döyüşə təşviq edirlər.
3. Qiyamət günü Allahın haqq mühakiməsi ilə bütün hiylələr və nifaqlar aşkarlanar.
4. Möminlər kafirlərin hakimiyyətini qəbul etmək haqqına malik deyillər. Zalımın hakimiyyətinin qəbulu gerçək imanın olmamasını göstərir.
5. Elə bir iş görülməlidir ki, kafirlər müsəlmanlar üzərində hakimiyyətdən ümidlərini üzsünlər.
6. Kafirlər üçün müsəlmanlara nüfuz yolu açan istənilən bir proqram, əhd, get-gəl haramdır. Müsəlmanlar bütün siyasi, hərbi, iqtisadi, mədəni sahələrdə tam istiqlala malik olmalıdırlar.