Ən-Nisa surəsi - Ayə: 137

Məkkəvi Quran-ı Kərim
Ən-Nisa surəsi - Ayə: 137
Həqiqətən Allah iman gətirib sonra kafir olan, (daha sonra) yenə iman gətirib bir daha kafir olan, daha sonra küfrlərini artıran kəsləri, əsla bağışlayan və (doğru) yola hidayət edən deyildir. (İman və küfr halları bir neçə dəfə təkrar olunmuş və nəhayət küfr üzərində dayanan kəslər iman gətirməyə nail ola bilməzlər.)
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ən-Nisa surəsi 137. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 137 MÖHSÜN QƏRAƏTİ.

"Onlar ki, iman gətirdilər, sonra küfr etdilər. Növbəti dəfə iman gətirib, ikinci dəfə küfrə uğradılar. Sonra öz küfrlərini artırdılar. Şübhəsiz, Allahın onları bağışlayacağına və doğru yola hidayət edəcəyinə ümid yoxdur.”
Nöqtələr
İlkin İslamda kitab əhlindən bir dəstəsi müsəlmanların hüzurunda iman gətirdiklərini bildirdilər. Onlar şübhə yaratmaq üçün yenidən kafir oldular. Küfrə qayıtmalarına səbəb kimi İslamı yetərsiz gördüklərini bildirdilər. Necə ki, yəhudi qövmü əvvəlcə Musaya iman gətirdi, sonra buzovpərəstliyə döndü, daha sonra tövbə edib allahpərəstliyə üz tutdu. Amma yenə də İsanı, İslam peyğəmbərini inkar edib öz küfrlərini artırdılar.
Bu ayənin oxşarı ilə əvvəllər də rastlaşdıq və bildirildi ki, belə kəslərin tövbəsi qəbul deyil, onlar gerçək azğındırlar.(Bax: "Ali-İmran”, 90. )
Gündə bir rəngə düşmənin səbəbi ya dini araşdırmaların yetərsizliyidir, ya da möminlərin əqidəsində süstlük yaratmaq qorxusu. "Ali-İmran” surəsinin 72-ci ayəsində də bu qurğunun üzərindən pərdə qaldırıldı. Onlar sübhə yaxın iman gətirir, günün sonunda kafir olurlar ki, müsəlmanlar çaşqın vəziyyətə düşsün.
Şəbəs ibn Rəbi kimiləri bu ayənin bariz nümunələrindəndir. Tarixi mənbələrdə bildirilir: Bu şəxs peyğəmbər dövründə İslamı qəbul etdi, peyğəmbərdən sonra dindən çıxdı. Sonra tövbə qılıb həzrət Əliyə (ə) qoşuldu. Amma həzrət Əliyə (ə) də sadiq qalmadı və onun komandanlığından çıxıb Nəhrəvan döyüşünü qızışdırdı. Sonra yenə tövbə etdi və imam Həsənlə (ə) imam Hüseynə (ə) qoşuldu. O, imam Hüseynə (ə) dəvət məktubu yazdı, amma Kufədə imamın elçisi Müslümə xəyanət etdi. Kərbəlada Yezidin qoşununa qatıldı və imam Hüseynin (ə) qətlinə şükür əlaməti olaraq Kufədə məscid tikdi.(Ayətullah Kumreyi, "Müslüm ibni Əqilin kitabı”, s. 178. )
Bildirişlər
1. Bütün möminlər üçün dindən çıxmaq təhlükəsi var.(ərəbcə)
2. Əqidə süstlüyü son azğınlıq və ilahi bağışlanmanın əldən verilməsi ilə nəticələnir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.