"Ey iman gətirənlər! Daim ədaləti bərpa edən olun. Özünüzün, valideyninizin, yaxınlarınızın zərərinə də olsa, Allah üçün şahid durun. Əgər (çəkişən tərəflərdən biri) varlı və ya fəqir olsa, Allah onlardan daha layiqdir. Nəfs istəklərinə tabe olmayın ki, ədalətə rəftar edə biləsiniz. Əgər dil dolaşdırsanız və ya (haqqa şahidlikdən) çəkinsəniz, (bilin ki,) Allah etdiyiniz işlərdən agahdır.”
Ayədəki "təlvu” sözü haqsız danışıq, təhrif, ədalətin icrasında təxir mənasını bildirir.
Ayənin bütün sözləri və cümlələri insanları ədalətə təşviq edir. Ədalətli olmaq və ədalətə şahidlik, eləcə də fərdiyyətçilik, millətpərəstlikdən uzaqlıq haqq-ədalət meyarıdır. Nə fəqirlik, nə var-dövlət, nə özüm, nə də qohum-əqrəba!
İnsanın şahidliyi bir neçə növdür: Zülmlə mübarizə ruhiyyəsi əsasında varlılara qarşı şəhadət; var-dövlət qazanmaq məqsədi ilə varlıların xeyrinə şəhadət; fəqirə etinasızlıq səbəbindən ona qarşı şahidlik; fəqirə ürək yanğısından doğan şahidlik.
Ayə bütün bu halları batil sayır və yalnız ədalətə əsaslanan şahidliyi qəbul edir.
İmam Sadiq (ə) buyurmuşdur: "Möminin mömin boynunda yeddi haqqı var. Onların ən vacibi insanın özünün və ya yaxınlarının zərərinə də olmuş olsa haqqı deməkdir.”("Təfsire-Əl-Mizan. )
1. Ədalətin bərpası vacibdir, həm də iman şərtdir.
2. Ədalət uğrunda qiyam möminin xarakteri olmalıdır. "Qəvvam” sözü ədaləti daim bərpa etmək mənasını bildirir.
3. Qeyri-müsəlmana münasibətdə də ədalətə riayət edilməlidir.
4. Ədalət həyatın bütün sferalarında qorunmalıdır. Ədalətin bərpasında xüsusi bir hal qeyd olunmamışdır.
5. Şahid olmaq və haqqa şəhadət vermək vacibdir.
6. Şahidlikdə niyyət dünyəvi məqsədlərə çatmaq olmamalıdır.
7. İnsanın özünə qarşı etirafı mötəbərdir.
8. İlahi göstərişlər hər hansı yaxınlıqdan öndə gəlir.
9. İnsanın öz xeyrinə, yaxınlarının və fəqirlərin xeyrinə hərəkəti Allahın razılığına əsaslanmalıdır.
10. Fəqirlərin və varlıların gerçək faydası yalan şəhadət yolu ilə təmin olunmayacaq.
11. Qanun qarşısında hamı bərabərdir.
12. Nəfs istəklərinə itaət ədalətin icrasına mane olur. Qohumların, fəqirlərin və varlıların əsas götürülməsi nəfsə itaətin nişanəsidir.
13. Şəhadəti yerinə yetirmək vacibdir. Şəhadəti gizləmək və onu təhrif etmək qadağandır.
14. Ədalətin istənilən bir şəkildə qarşısını almaq və onu təxirə salmaq haramdır.
15. Ədalətin təmininin zamini ilahi elmə imandır.