"Bir Allahdan qeyrisinə pərəstiş etməyin. Həqiqətən, mən Onun tərəfindən sizə xəbərdarlıq edən və müjdə verənəm.”
Quran dili ixtiyarımızda olan əlifba həriflərindən təşkil olunmuşdur. Allah həmin sadə hərflərdən elə bir kitab toplamışdır ki, kimsə onun oxşarını ərsəyə gətirə bilməz. İnsan torpaqdan kərpic və təndir düzəltdiyi halda, Allah-təala həmin torpaqdan minlərlə çeşiddə bitki, çiçək, meyvə, heyvan və insan xəlq etmişdir. Bəli, Allahın qüdrətini yaranış nizamında gördüyümüz kimi, ilahi kitabda da müşahidə edə bilərik.
Quran möhkəm və müfəssəl bir kitabdır. Onda heç bir nöqsan yoxdur. O həm fəsahətli, həm də bəlağətlidir. Onun məfhumları müxtəlif fəsillərdə və surələrdə ayrı-ayrılıqda ardıcıl şəkildə bəyan olunmuşdur.
Quranın bir ruhu var və bu ruh tövhid ruhudur. Quranda gətirilən bütün əhvalatlar, moizələr, hökmlər və ayələr həmin tövhid ruhunu açıqlayır.
Quran dəyişməz və təhrifsiz bir kitabdır. Ona münasibətdə şəkk-şübhəyə yer yoxdur. Quranın bəyanatları hansısa ehtimala yox, dəlillərə əsaslanır.
1. Quran yetərincə mühüm kitabdır.
2. Quranın kəlmələri və məfhumları onun əzəmətini göstərir.
3. Quranın bünövrəsi möhkəmdir və heç bir şey bu bünövrəni lərzəyə gətirə bilməz. Bəşər elmi inkişaf etdikcə Qurandan daha çox sirlər kəşf edilir.
4. Qanun və kitab həm mökəm, həm də aydın olmalıdır. (Qeyri-ilahi qanunlar isə ya davamsızdır, ya qaranlıqdır, ya da hikmət və agahlıqdan məhrumdur.)
5. Quran həm dəlillərlə möhkəmlənmişdir, həm də dünya və axirət həyatının bütün yönümlərini əhatə edir.
6. Quran Peyğəmbərin (s) qəlbinə bütöv şəkildə nazil olmuş, 23 il müddətində açıqlanmışdır.
7. Allah-təala hikmət sahibi olduğundan Onun kitabı da möhkəmdir. Allah "Xəbir”, yəni agah olduğundan, Onun kitabında bütün ehtiyaclara cavab verilmişdir.
8. Təkallahlığa və tövhidə dəvət bütün peyğəmbərlərin şüarıdır.
9. Səmavi kitabların nazil olmasında məqsəd tövhidin bərpası və cəmiyyətin şirkdən paklanmasıdır.
10. Tövhidə dəvət, xəbərdarlıq və müjdə Allahın möhkəm kəlamının nümunəsidir.
11. Peyğəmbər Allah tərəfindən xalqın səadəti üçün gəlmişdir.
12. Peyğəmbərin təbliğ üslubu xəbərdarlıq və müjdədir.