"Kimdir ondan da zalım ki, Allaha iftira yaxır və deyir: "Mənə vəhy olub.” Hansı ki, ona heç nə vəhy olunmayıb. Bir də o kəs ki, dedi: "Tezliklə mən də Allahın nazil etdiyi kimi bir şey nazil edərəm.” (Ey peyğəmbər,) bir zaman ki, zalımları ölüm yatağında çırpınan gördün, (ruhunu çıxarmaq üçün) mələklərin əllərini açdığına baxdın, o vaxt ki canın çıxma fərmanı verilir, (deyirlər,) bu gün sizə Allaha iftiralar yaxdığınız və Onun ayələrini ört-basdır etdiyiniz üçün zəliledici əzab veriləcək.”
Ayənin nazilolma şəni haqqında deyilmişdir: Vəhy yazmaqla məşğul olan Əbd ibn Səd adlı bir şəxs mürtədlik etdiyi üçün həzrət Peyğəmbər (s) tərəfindən qovulmuşdu. O, camaatı ətrafına toplayıb deyirdi: "Mən də Quran kimi ayələr gətirə bilərəm.” (Bəzi təfsirçilərin fikrincə, ayə həmin bu şəxsin peyğəmbərlik iddiası münasibəti ilə nazil olmuşdur. O da qeyd olunur ki, ayə peyğəmbərin həyatının sonlarında Mədinədə nazil olmuşdur.
"Ğəmərat” ölüm astanasındakı çətinliklər mənasını bildirir. Bu hallarda insanı əcəl öz kamına alır.
Peyğəmbərlik iddiasına düşənlərdən bəziləri ilə tanış olaq: Yəməndə Müsəylimə, Əsvəd Ənsi, Bəni-Əsəddən Təlihə Əsədi.
İmam Sadiq (ə) buyurmuşdur: "Hun” dedikdə susuzluq halındakı ölüm nəzərdə tutulur:
Yersiz imamlıq iddiasına düşənləri imam Baqir (ə) bu ayənin müxatəbi sayır.
1. Allaha qarşı iftira əqidə zülmüdür. Azğınların rəhbərlik iddiasına düşməsi isə ən böyük zülmdür.
2. Haqqın düşməni ya haqqı alçaldır, ya da özünü yuxarı qaldırır. Əvvəlcə deyir: "Quran əfsanədir.” Müvəffəq olmadıqda sözünü dəyişir: "Mən Qurandakı kimi cazibəli sözlər söyləyə bilərəm.”. Bu məsələyə "Ənfal” surəsinin 31-ci ayəsində də toxunulur.
3. Haqsız və yalançı iddiaçılar can verəsidirlər.
4. Axirət cəzaları ölüm anından başlayır. Kafirlərə deyilir: "Can ver, öl.” Bu sözlər alçaldılma ilə müşayiət olunur.
5. İnsanın ruhu onun cismindən ayrı və müstəqildir.
6. Vəhy və dinin təhqir cəzası qorxunc və zəliledici əzabdır.