"Odur ulduzları sizin üçün qərarlaşdıran. (Bununla) quru və dəniz qaranlıqlarında onlar vasitəsi ilə yolu tapasınız (deyə). Şübhəsiz, Biz nişanələri agah və bilən bir qövm üçün ətraflı aydınlaşdırdıq.”
"Heyət” (ulduzşünaslıq) elmi ən qədim bəşər elmlərindəndir. İnsan səhra və dəniz səfərlərində ulduzlardan istifadə edir. Bu vasitə etibarlı, həmişəlik, toxunulmaz, təbii və hədsiz bir vasitədir.
İslamın təbiət səhnələrinə xüsusi diqqəti var. Bəzi Quran surələri təbiətdəki əşyaların adı ilə adlandırılmışdır. İslami ibadətlər də təbiətlə bağlıdır. Vaxtı tanıma (vəqtşünaslıq), qibləni tanıma, günəş və ayın batması, ayət namazı, ayın əvvəlinin və sonunun təyini bu qəbildəndir. Bu zərurətlər insanların heyət elmi ilə tanışlığına səbəb olmuşdur. Nəticədə, Bağdad, Dəməşq, Qahirə, Marağa, Əndəlus rəsədxanaları tikilmiş, bu mövzuda müsəlmanlar tərəfindən dəyərli kitablar yazılmışdır.
Allah insanı nadir hallarda olsa da, ehtiyaclı olduğu dəniz və quru səfərlərində hidayət etmiş, yol göstərmişdir. Əgər müvəqqəti ömürdə baş verən səfərlərdə insan hidayət olunmuşsa, onun haqqa doğru əbədi səfərdə bələdçisiz qalması mümkündürmü? Quru və dəniz səfərlərində insana yol göstərilməsi bəşəriyyətin Allaha doğru hidayətində risalət və imamətin zərurətindən danışır.
Hədislərdə «hidayət edən, yol göstərən ulduzlar» dedikdə məsum rəhbərlər, ilahi övliyalar nəzərdə tutulur.
1. Ulduzlar Allahın məxluqu və yol göstərən vasitələridir. (Bəzilərinin düşündüyü kimi, ulduzlar xaliq və ya tədbirçi deyildir.)
2. Səmadakı ulduzların nizamı o qədər dəqiqdir ki, onların vasitəsi ilə yerdə yol tapmaq olar.
3. Əlbəttə ki, təklikdə ulduzların ölçüsünü, çəkisini, aralarındakı məsafəni, hərəkət sürətini, bir sözlə ulduzşünaslıq və nücum elmini bilməklə Allaha çatmaq olmaz. İnsan bu yolda Allahı tanımaq məqsədində olmalıdır.
(Bəli, insanın öz simasını səliqəyə salması üçün təkcə güzgüyə baxmaq bəs etmir. Güzgüyə baxdıqdan sonra insan özünü səliqəyə salmalıdır. Bəlkə də bir çox güzgü satanlar gündə təkrar-təkrar ona baxsalar da, hətta yaxalarını belə səliqəyə salmırlar.)