Əl-Bəqərə surəsi - Ayə: 217

Məkkəvi Quran-ı Kərim
Əl-Bəqərə surəsi - Ayə: 217
(İslam döyüşçülərindən bir neçəsi səhvən haram ayda vuruşduqları üçün) səndən haram ayda (Rəcəb, Zilqədə, Zilhiccə və Məhərrəm aylarında) döyüşmək barəsində soruşurlar, de: «Onda hər növ döyüş böyükdür (böyük günahdır), lakin Allah yolunun (insanların İslamı qəbul etmələrinin) qarşısının alınmasının bütün növləri, Ona kafir olmaq, (camaata) Məscidül-Həram(a girməyə mane olmaq) və onun əhalisini oradan çıxarmaq (kafirlərin etdikləri bu işlərin günahı) Allah yanında (haram ayda vuruşmaqdan) daha böyükdür. Və fitnə (Allaha şərik qoşmaq və müsəlmanları incitmək) öldürməkdən daha böyükdür! (Müşriklər) daim sizinlə vuruşacaqlar ki, əgər bacarsalar sizi dininizdən döndərsinlər. Sizdən kim öz dinindən dönsə və küfr halında ölsə, belə şəxslərin (yaxşı) əməlləri dünyada və axirətdə puça çıxacaqdır (bu dünyada camaatın onların qoyub getdikləri yaxşı nişanələrə görə onları xoşluqla xatırlamaları, barələrində dua etmələri və onlar üçün rəhmət diləmələri əks nəticələnəcəkdir). Onlar Cəhənnəm əhlidirlər və orada əbədi qalacaqlar.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Bəqərə surəsi 217. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 217 MÖHSÜN QƏRAƏTİ.

"(Ya Rəsulum!) Haram olan ayda döyüş haqqında səndən soruşanlara söylə: "O ayda döyüşmək böyük günahdır, lakin Allah yolunu (insanların üzünə) qapamaq, onu inkar etmək, Məscidül-Hərama girməyə mane olmaq və oradakıları kənara çıxarmaq Allah yanında daha böyük günahdır. (Din naminə) fitnə salmaq isə (həmin ayda) vuruşmaqdan daha betərdir"! (Ey möminlər!) Onlar (Məkkə müşrikləri) əgər bacarsalar, dininizdən döndərincəyə qədər sizinlə vuruşmaqda davam edəcəklər. Sizdən hər kəs öz dinindən dönüb kafir olaraq ölərsə, belə kimsələrin bütün əməlləri (vaxtilə gördüyü yaxşı işləri) dünya və axirətdə heçə gedər. Onlar cəhənnəmlikdirlər və orada əbədi qalacaqlar!”
Nöqtələr
"Fitnə” dedikdə şirk, işkəncə, imtahan, çətinlik başa düşülür.
Şiə və sünni təfsirçilərindən nəql olunmuşdur: Həzrət Peyğəmbər (s) Abdullah ibn Cəhş adlı şəxsi səkkiz nəfərlə birlikdə bir məktubla kafir və müşriklərdən məlumat gətirmək üçün göndərmişdi. Amma görüşdə çaxnaşma baş vermiş və nəticədə qarşı tərəfin rəisi qətlə yetirilmişdi. Onlardan iki nəfəri əsir düşmüş və malları müsadirə edilmişdi.
Bu hadisə haram aylardan olan rəcəb ayında baş vermişdi. Amma həmin dəstə rəcəb ayının başlandığını bilməmiş və cəmadiüs-saninin axırı olduğunu güman etmişdilər. Hər halda bu savaş səhvən rəcəb ayının əvvəlində baş vermişdi. Kafirlər bu məsələni şişirdərək müsəlmanları haram aylara ehtiramsızlıqda suçlayırdılar.
Düşmənin bu təbliğatı qarşısında Quran cavab verir ki, bu savaş haram ayda baş versə də, bunun səbəbi müsəlmanların ayı səhv salması olmuşdur. Müşriklərin nəzərinə çatdırılırdı ki, onlar bu aylarda bilərəkdən günaha yol verirlər. Bunun isə günahı haram ayda bilmədən savaşa girməyin günahından çox idi. Əslində bir bu qədər rüsvayçılıq və günaha yol verən kafirlər müsəlmanlar üçün bu əməli səhv saymamalıdırlar.
Mürtədlik əməlinin dünya cəzası islami faydalardan məhrumluqdur. Mürtədin cəzası həyat yoldaşından ayrılmaq, irsdən məhrum edilmə, müsəlmanlarla rabitələrin qırılması, İslam himayəsindən məhrum edilmə, nəhayət, qətldir.
Mürtədin axirət cəzası isə onun dünyadakı bütün yaxşı işlərinin puça çıxmasıdır.
Bildirişlər
1. Şübhələrə münasib cavab verin.
2. Məscidül-Həramın və onun əhlinin xüsusi hörməti var.
3. Günahların əhəmiyyət dərəcəsinin təyini Allahın əlindədir.
4. Əmin-amanlığı pozmaq qətldən də pisdir.
5. Düşmənin arzuları, məqsədləri, səyləri ilə tanışlıq lazımdır.
6. Düşmənin hücumu küfrə don geyindirib sizi rədd edə bilməz.
7. Düşmən daim pusqudadır. O sizin öz dininizi rədd etməyinizi, küfrünüzü, ona arxa çevirməyinizi istəyir. Bundan başqa heç nə ilə razılaşası deyil. Onlar müvəqqəti qələbə sorağında deyildirlər. Onlar sizin əqidə və məktəbinizi büsbütün aradan götürmək istəyirlər.
8. Dəyər ölçüsü xoş aqibətdir. Ola bilər ki, əvvəlcə İslamda olmuş şəxs dünyadan kafir getsin.
9. Mürtədliyin dünya və axirət təsirləri var.
10. Mürtədlik xeyir işləri puça çıxarır.
11. İman və əqidənin dəyəri haqqında onu demək olar ki, iman getdikdə saleh əməl də puç olub gedir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.