"Səndən heyz (qadınlarda aybaşı adəti) haqqında soruşarlar. De ki, o, əzab-əziyyətlidir. Heyz zamanı qadınlardan kənar olun və pak olanadək onlarla yaxınlıq etməyin. Elə ki, pak oldular (ya qüsl verməklə paka çıxdılar), Allah sizə icazə verdiyi şəkildə onlarla yaxınlıq edin. Həqiqətən, Allah tövbə edənləri və paklananları da sevir.”
Aybaşı (heyz) zamanı qadınlara münasibətdə yəhudilər ifratçı, məsihilər biganədirlər. Tövratda oxuyuruq: Heyz halda olan qadına toxunan kəs şam vaxtınadək murdardır. Qadının yatağı, oturduğu yer də murdardır. Həmin yatağa toxunan istənilən bir kəs libasını yumalıdır. O qadının oturduğu yerə toxunan yuyunmalıdır. Əks təqdirdə şamadək murdardır. Onunla yaxınlıq edən kişi yeddi gün murdar olur. Heyzdən artıq günlər qan görsə murdardır.("Bihar”, c. 76, s. 47. )Yəhudilərin əksinə olaraq, məsihilər heyz dövründə də yaxınlığı caiz sayırlar.
Amma İslam orta bir yol tutmuşdur. Heyz dövründə yalnız cinsi yaxınlıq qadağan olunmuşdur. İstənilən cür ünsiyyət, söhbət caizdir.
İslam əhatəli bir dindir. Bəşər həyatında ortaya çıxan bütün suallara İslamda cavab var. Əvvəlki ayələrdə "Yəsəlunəkə” cümləsi ilə xalqın peyğəmbərə sualları bəyan olunmuş və onlar cavablandırılmışdır. Bəzən sual savaş, bəzən qumar, bəzən şərab, bəzən də infaq haqqında olmuşdur. Bu ayədə isə qadınlar haqqında soruşulmuşdur. Bütün bu suallar İslam məktəbinin əhatəli olduğunu göstərir. Buyurulur ki, Allah cüzi-külli, maddi-mənəvi və ümumiyyətlə bütün məsələlər barədə hökm vermişdir.
Heyz dövründə qadının fizioloji baxımdan yaxınlıq hazırlığı olmur. Həmin dövrdə qadında süstlük və narahatlıq halları xarakterdir. Heyz dövründə yaranmış çətinliklər qadının yaxınlıq istəyini pozur. Eləcə də bu dövrdə onun orqanizmində qan kütlələri toplanır. Belə bir vəziyyətdə yaxınlıq baş verərsə, tibb alimlərinin nəzərincə, kişi sonsuzluğu ortaya çıxa bilər.
Rəvayətdə isə belə nəql olunur: Heyz dövründə bətnə düşmüş övlad cismi və ruhi cəhətdən problemlərə malik olacaq.(Bax: "Maidə”, 89. )
1. Peyğəmbərlər xalqın suallarını cavablandırır, onlara yol göstərirlər.
2. Sual verərkən utanmaq yersizdir.
3. Dini hökmlərin dəlilləri bəyan olunur, sonra isə bu iş qadağan edilir.
4. İlahi hökmlər islahın qorunmasına və fəsadların aradan qaldırılmasına əsaslanır.
5. Heyz dövrü qadın üçün çətin bir dövrdür.
6. Qadından ləzzət almağın da həddi-hüdudu var.
7. Ər-arvad bir-birini nəzərə almalıdırlar. Həyat yoldaşı narahat olduğu vaxt ondan ləzzət almaq istəyi yersizdir.
8. Yaxınlıq zamanı sağlamlıq məsələlərinə diqqət olunmalıdır.
9. Yaxınlıqda ilahi hökmlər nəzərə alınmalıdır.
10. Əgər yaxınlıq baş versə, sonra tövbə etsəniz, Allah tövbənizi qəbul edər.
11. Tövbə və günahdan dönüş Allah yanında məhbubluq yoludur.
12. Tövbə edənlərə öz sevgi və məhəbbətimizi bildirək.