Əl-Bəqərə surəsi - Ayə: 221

Məkkəvi Quran-ı Kərim
Əl-Bəqərə surəsi - Ayə: 221
Müşrik qadınlarla, iman gətirməyincə evlənməyin. Əlbəttə ki, möminə bir kəniz azad və müşrik bir qadından - hətta o(nun camalı və malı) sizin xoşunuza gəlsə belə - daha yaxşıdır. Həmçinin müşrik kişilərə iman gətirməyincə arvad verməyin. Əlbəttə ki, mömin bir qul azad və müşrik bir kişidən - hətta o(nun malı və məqamı) sizin xoşunuza gəlsə belə - daha yaxşıdır. Onlar (müşrik kişi və arvad ər-arvadlılıq müddəti boyunca küfr və mənəvi pozğunluq baxımından öz həyat yoldaşlarına təsir edir və nəticədə onları) oda tərəf dəvət edirlər. Allah Öz yardımı ilə Cənnətə və bağışlanmağa doğru dəvət edir və Öz ayələrini insanlara açıqlayır ki, bəlkə (düşünüb) anladılar.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Bəqərə surəsi 221. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 221 MÖHSÜN QƏRAƏTİ.

"Nə qədər ki, iman gətirməyiblər, müşrik qadınlarla evlənməyin. İmanlı bir kəniz sizi heyran qoymuş müşrik qadından üstündür. Müşrik kişilərə - onlar iman gətirənədək - qız verməyin. İmanlı qul sizi heyran qoyan müşrik kişidən üstündür. Bu müşriklər (sizi) oda doğru dəvət edirlər. Halbuki Allah öz əmr və fərmanları ilə sizi behişt və bağışlanmaya doğru çağırır. O Öz ayələrini xalq üçün aydınlaşdırır ki, bəlkə dərk edələr.”
Nöqtələr
Mömin olmayan insanlarla ailə qurmaq övladların və gələcək nəslin tərbiyəsində mənfi təsir qoya bilər. Hətta belə övladlar biganələrə casusluq da edə bilərlər. Ayə müsəlman olmayanlarla izdivac haqqında olsa da, insanın imanı üçün təhlükəli olan bütün ünsiyyətlər qadağan edilir.
Bildirişlər
1. Müsəlmanlar kafirlərlə ailə bağlılığı yaratmaq haqqına malik deyillər.
2. Təhlükəni aradan qaldırmaq mənfəət əldə etməkdən daha mühümdür. Müşriklərlə izdivac zamanı iki ehtimal önə gəlir: İzdivac nəticəsində müşrik iman gətirə bilər. Amma əksinə, mömin də müşrik ola bilər. Möminin müşrik olma təhlükəsi daha mühüm olduğundan İslam qarşı tərəf iman gətirənədək bu izdivacı qadağan edir.
3. Ailə qurumunda tərəflərin imanı əsasdır. Kafirlərlə izdivac qadağandır.
4. İzdivac zamanı qarşı tərəfin gözəlliyinə, var-dövlətinə, ictimai mövqeyinə aldanmayın.
5. İctimai mövqe, var-dövlət, gözəllik imanın yerini doldura bilmir.
6. İmanlı zəiflərə və məhrumlara üstünlük verib, onlarla evlənin.
7. İzdivac dinə dəvət üçün vasitə ola bilər.
8. Nəfsani meyllər din çərçivəsini aşmamalıdır və onlara nəzarət edilməlidir.
9. Qul və kənizdə də olmuş olsa, iman dəyərlidir. Müşrik azad da olsa süqut rəmzidir.
10. Qızın izdivac məsələsində ataya xitab olunur ki, qızını müşrikə verməsin.
11. Əvvəlcə iman, sonra izdivac! Düşünməyin ki, izdivacdan sonra imana gəlsinlər.
12. Müşriklərin müsəlman cəmiyyətinin qəlbinə nüfuzunun qarşısını alın. Belə izdivaclardan ortaya çıxası təhlükələri nəzərdən qaçırmayın.
13. Pis həyat yoldaşı insanı cəhənnəmə apara bilər.
14. İlahi göstərişlərə əməl behiştə çatmaq yoludur.
15. Bağışlanma Allahın tovfiqi və izni ilə mümkündür. Məsihilər bağışlanmanı öz böyüklərindən asılı bilirlərsə, müsəlmanlarda belə bir inanc yoxdur.
16. İnsan həqiqəti fitri şəkildə dərk edir. Hökmlərin bəyanı isə yalnız xatırlatma üçündür.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.