Əl-Bəqərə surəsi - Ayə: 213

Məkkəvi Quran-ı Kərim
Əl-Bəqərə surəsi - Ayə: 213
(Şəriət sahibi olan peyğəmbərlərin göndərilmələrindən qabaq) bütün insanlar tək bir dəstə idilər (səmavi şəriətsiz öz ağıllarının tələbi əsasında yaşayırdılar. Amma yavaş-yavaş özlərinin dünya işlərində ixtilafa düçar oldular). Beləliklə Allah peyğəmbərləri (səmavi din və şəriətlə) müjdə verən və qorxudan olaraq göndərdi və onlarla birlikdə insanların arasında onların bir-birləri ilə ixtilafa düçar olduqları şey barəsində hökm çıxarmaq üçün haqq olaraq (və uca, ali və əqlani bir hədəf üçün səmavi) kitab nazil etdi. (Sonra kitabın özü barəsində ixtilaf yarandı, bir dəstə kitabın özünü və ya onda olan təlimlərin bəzilərini qəbul etmədi.) Onda ixtilafı yalnız kitab verilmiş kəslər, özü də onlara (bu barədə) aydın dəlillər gəldikdən sonra aralarındakı paxıllıq və təkəbbür ucbatından yaratdılar. Beləliklə, Allah iman gətirənləri Öz köməyi ilə barəsində ixtilafa düşdükləri haqqa doğru istiqamətləndirdi. Allah istədiyi şəxsi doğru yola hidayət edir.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Bəqərə surəsi 213. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 213 MÖHSÜN QƏRAƏTİ.

"İnsanlar (başlanğıcda) vahid ümmət və əlbir idilər. (Onların arasında çəkişmə yox idi. İxtilaflar sonradan meydana çıxdı.) Allah peyğəmbərləri müjdə gətirən və qorxudan qərar verdi. Onlara haqq olaraq səmavi kitab nazil etdi ki, xalq arasında ixtilaflı məsələlərdə hökm versinlər. Bu kitaba münasibətdə yalnız həmin kitab göndərilənlər müxaliflik etdilər. Bu da onlara aşkar dəlil gəldikdən sonra baş verdi. (Səbəb) aralarındakı həsəd idi. Allah iman gətirənləri Öz istəyi ilə ixtilaflı məsələlərin həqiqətinə hidayət etdi. (Amma imansızlar hələ də azğınlıq və ixtilafda qalmışlar.) Allah istədiyi kəsi doğru yola hidayət edər.”
Nöqtələr
Bu ayədən məlum olur ki, insanlar ilk öncə sadə və bəsit bir həyat yaşamışlar. Amma zaman keçdikcə say çoxalmış, baxışlarda fərq və ixtilaflar meydana çıxmışdır. Bəzi rəvayətlərdə haqqında danışılan zaman, Nuhdan əvvəlki dövrə aid edilmişdir. Həmin vaxt xalq sadə və bəsit bir həyat tərzi yaşamışdır. Onlar qəflət içərisində ömür sürmüşlər.(Təfsiri-minhacüs-sadiqin”, c.1, s. 552. ) Sonra insanlar təbii mənbələrdən faydalanmağa başlamış, biri o birini işə götürərək həmin şəxsin imkanlarından bəhrələnmişdir. Beləcə, ixtilaflar və təbəqələr meydana gəlmişdir. Mövcud ixtilafları həll edəsi möhkəm və ədalətli qanunlar ictimai həyatın zərurətlərindəndir. Allah-təala peyğəmbərləri ixtilafların həlli, çəkişmələrin aradan götürülməsi üçün məbus etdi. Bu məqsədlə səmavi kitablar nazil edildi. Amma bəziləri bilərəkdən, inadkarlıq səbəbindən peyğəmbərlərin müjdə və qorxutmasına qarşı müqavimət göstərib öz-özünə digər ixtilaflar yaratdılar. Amma Allah öz lütfü ilə hidayəti qəbul edənləri doğru yola yönəltdi. Həsəd və ya zülm səbəbindən haqqa qarşı çıxanlar isə öz cəzalarını almaq üçün özbaşına buraxıldılar.
Quran insanları peyğəmbərlərin hakimliyi və ilahi qanunları qəbul etməməyə yönəldən inadkar ixtilafları tənqid edir. Bununla belə, nəhayətdə ədalətə təslimçiliklə sonuclanan ixtilafın eybi yoxdur. Belə bir ixtilaf ədaləti təmin edən tərəzinin bir-birinə zidd hərəkət edəndir və gözləri kimidir.
Bildirişlər
1. Bəşəri qanunlar və mədəniyyətlər yer üzündəki problemləri həll etməyə qadir deyil. Çünki cəmiyyətdəki hər bir fərd öz istəyinə çatmaq arzusundadır. İxtilaflar ilahi qanunlar və peyğəmbərlərin hakimliyi ilə həll olunmalıdır. İlahi qanunlar təhrifdən, xətadan və nəfsə əsaslanan mühakimədən uzaqdır.
2. İxtilafların ən yaxşı həll yolu məadı gücləndirməkdir. Peyğəmbərlər ixtilafların qarşısını almaq üçün müjdələrdən və qorxutmalardan istifadə etmişlər.
3. Peyğəmbərlərin ümumi məqsədi eyni xətt üzrədir.
4. Peyğəmbər mühakiməsi səmavi qanunlar çərçivəsindədir.
5. Peyğəmbərlərin vəzifələrindən biri vəhdət yaradılması və təfriqələrin aradan qaldırılmasıdır.
6. Bütün peyğəmbərlərin mühakiməsi eyni tərzdədir.
7. Ən pis ixtilaf bilərəkdən yol verilən ixtilafdır. Həsəd və zülm səbəbindən ortaya çıxan ixtilaf necə də pisdir?!
8. Möminlər arasında da ixtilaf olur. Amma ilahi hakimiyyət sayəsində bu ixtilaflar öz həllini tapır.
9. İman xüsusi ilahi hidayətdən bəhrələnmə üçün zəmindir.
10. Bütün fərdlərin hidayəti Allahın istəyindən asılı olsa da, Allahın istəyi hikmətə əsaslanır.
11. Doğru yol (sirate-müstəqim) ixtilaflara son qoyur.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.