Əl-Bəqərə surəsi - Ayə: 196

Məkkəvi Quran-ı Kərim
Əl-Bəqərə surəsi - Ayə: 196
Həcc və ümrə (əməli)ni Allaha görə tamamlayın və əgər (ehram bağladıqdan sonra düşmən və ya xəstəlik vasitəsilə) əməlləri yerinə yetirməyinizə maneçilik törənsə, (Məkkənin və yaxud Minanın qurbangahına dəvə, inək və qoyundan) sizə müyəssər olan bir qurbanlıq (göndərmək sizin boynunuzadır). Və qurbanlıq öz yerinə çatmayınca başınızı qırxmayın. Əgər sizdən kimsə (ehram halında) xəstə olsa və ya başında bir narahatlığı olsa (və başını qırxmaq məcburiyyətində qalsa, başını qırxsın və) oruc ya sədəqə, ya da qurbanlıq qismindən kəffarə versin. Əgər (Həcc və Ümrə barəsində düşməndən və ya xəstəlikdən) xatircəm olsanız, onda «təməttö» (Allaha yaxınlaşmaqdan bəhrələnmək və ehram bağlandıqdan sonra haram olmuş şeylərdən ehramdan çıxdıqdan sonra istifadə etmək) ümrəsini qabağa salıb «təməttö» Həccinə tərəf gedən kəsin boynunadır ki, (dəvə, inək və qoyundan) müəssər olan qurbanlıq kəssin. Qurbanlıq tapmayan (və ya ona pulu olmayan) şəxs həmin Həcc səfəri zamanı üç gün və qayıtdığınız zaman yeddi gün oruc tutmalıdır. Bu tam on gündür. («Təməttö» adlanan) bu (Həcc), (özü və) ailəsi Məscidül-Həramın (Məkkə və onun iyirmi dörd kilometrliyinin) sakini olmayan kəslər üçün olan vacibdir. Allahdan qorxun və bilin ki, Allah ağır cəza verəndir.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Bəqərə surəsi 196. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 196 MÖHSÜN QƏRAƏTİ.

"Həcc və ümrəni Allah üçün sona yetirin. Əgər sizin üçün (düşməndən qorxu, xəstəlik) kimi maneələr olsa, qurbanlıq üçün əliniz çatan şeydən (zibh edin və ehramdan xaric olun.) Qurbanlıq qurbangaha çatanadək başlarınızı qırxmayın və əgər bir şəxs xəstələndi və ya başında bir narahatlıq oldusa, oruc, sədəqə və ya qurbanlıq kimi bir kəffarə yerinə yetirsin. (Xəstəlik və düşməndən) amanda olduğunuz vaxt təməttö ümrə əvəzinə həcci başlayıb, əliniz çatan qurbanlıqdan (kəsin). Qurbanlıq tapmayan isə həcc zamanı üç gün, qayıtdıqdan sonra isə yeddi gün oruc tutsun. Bu on gün kamildir. (Əlbəttə,) bu (təməttö həcci), o kəs üçündür ki, Məscidül-Həramda (Məkkədə) sakin deyil. Allahdan çəkinin və bilin ki, Onun cəzası ağırdır.”
Nöqtələr
Bu ayədə külli və cüzi şəkildə həcc və ümrə hökmləri bəyan olunmuşdur. Bu əməllərin geniş şəkildə hökmləri ilə rəvayətlərdə və alimlərin fitvalarında tanış olmaq mümkündür.
Həcc həzrət İbrahim tərəfindən bünövrəsi qoyulmuş mərasimdir. Bu mərasim həzrət İbrahimin dövründən ərəblər arasında davam etmişdi. Allahın əmri ilə uyğun proqram İslam tərəfindən də qəbul edildi və qiyamət gününədək davam edəsidir.
"Ümrə” ziyarət mənasındadır. Məkkəyə daxil olan kəs ehram libasında Kəbənin ziyarətinə gedib təvaf etməlidir. Həcc və ümrə azan və iqamə kimi iki oxşar əməldir. Onların arasında azca fərq vardır. "Hədy” həcc qurbanlığının adıdır.
Bu ayədə təməttö ümrəsi təməttö həcci ilə yanaşı zikr olunmuşdur. Amma xəlifələrdən biri özbaşına şəkildə bunu qadağan etmişdir. Xəlifənin göstərişi aşkar Allah əmrinə qarşıdır.
Fövqəladə məsələlərin hökmü zəruri vaxt çərçivəsindədir. Ona görə də oruca icazə verilməyən adi səfərlərdən fərqli olaraq bu səfərdə qurban kəsmək mümkün olmadıqda, oruc tutmaq əmr edilir. Həmin üç günlük oruc həcc ayının yeddinci, səkkizinci və doqquzuncu günlərinə düşür. Onuncu gün qurban bayramı günüdür və həmin gün oruc tutmaq haramdır.
Məsum imamlar "ətimmul-həcc” cümləsinin təfsirində buyurmuşlar: Tam həcc o həccdir ki, onda çirkin söz, günah və didişmə olmasın. Onun gedişində haramlara yol verilməsin.”("Cümə”, 10. )
Bildirişlər
1. Dini vəzifələri tam şəkildə yerinə yetirmək lazımdır. Həcc əməllərinə başladıqdan sonra onu yarımçıq qoymaq olmaz.
2. Həcc əməllərində Allaha yaxınlıq və ibadət məqsədi olmalıdır. Gəzinti və səyahət məqsədi ilə həcc yerinə yetirmək olmaz.
3. İslam hökmləri xalq üçün çətinlik yaratmır. Xəstə və xaricdən qorxusu olan insana həcc və ümrəni tamamlamaq vacib deyil.
4. İbadətlərdə məkanın da öz payı var.
5. Xəstəlik bir sıra hökmlərdə güzəştlərə səbəb olur. Amma hökmlər heç bir vəchlə öhdədən götürülmür. Ona görə də həcdə üzrü olanlar oruc, sədəqə və ya qurbanlıqla vəzifələrini yerinə yetirməlidirlər.
6. Həcdə qurbanlığın vacib olma meyarı onun asan və yüngül olmasıdır.
7. Ümrə və təməttö həcci hökmləri yalnız Məkkədə sakin olmayan hacılara aiddir. Məkkə sakinlərinin həcci isə başqa növdür.
8. İlahi cəzalara diqqət təqva zəminəsi yaradır. İlahi təkliflərin yerinə yetirilməsi üçün təqva şərtdir.
9. Bütün ilahi hökmlərin yerinə yetirilməsində təqvaya diqqət önə çəkilir.
10. Həcc əməlləri İslamdan qabaq başqa formada olmuşdur. Ona görə də Quranda bu dəyişikliklərə işarə olunur.
11. Həcc hökmlərində dəyişiklik edənlər üçün ağır cəza nəzərdə tutulur.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.