"Əlbəttə, siz mallarınız və canlarınızla sınanacaqsınız. Sizdən qabaq kitab verilənlərdən və şirkə uğrayanlardan bir çox əziyyətlər görəcəksiniz. Əgər səbir və təqva yolunu tutsanız, şübhəsiz ki, bu sizin işlərdə möhkəm əzminizdir.”
Müsəlmanlar Məkkədən Mədinəyə hicrət etdikləri vaxt müşriklər onların mülkünə təcavüz etdilər. Ələ keçirdikləri müsəlmanlara isə əziyyət verdilər. Digər bir tərəfdən, Mədinədə də yəhudilər müsəlmanları acı sözlərlə hədəfə almışdılar. Hətta bəzi yəhudilər xəcalət çəkmədən müsəlmanların qadın və qızları haqqında həcv yazırdılar. İşə Kəb ibn Əşrəf adlı biri başçılıq edirdi. Həzrət bu şəxsin qətlə yetirilməsinə göstəriş vermişdi. Bu ayə müsəlmanlara təsəlli verərək onları düşmənlərin əzab-əziyyətləri qarşısında səbir və təqvaya çağırır. Bildirilir ki, onların imanda möhkəmliyinin səbəbi məhz səbir və təqvadır.
İmam Riza (ə) zəkat ödənişini var-dövlətlə bağlı sınaqlardan biri sayır. Ayədə bu məsələyə işarə olunmuşdur.("Təfsire-Nurus-səqəleyn”. )
1. Sınaq Allahın ciddi qaydalarındandır. Özümüzü sınaqlara hazırlayaq. (Ayədəki "lətub-ləvunnə” sözünün əvvəlindəki lam» və sonundakı təşdidli nun hərfi məsələnin ciddiliyinə işarədir.)
2. Ölüm və dünyanın ötəriliyini yada salmaq çətinlikləri insanın nəzərində asanlaşdırır.
3. İnsan ən çox mal və canı ilə sınağa çəkilir.
4. Can və malla bağlı təhlükələri qəbul etməkdən əlavə, özümüzü zəhərli sözlər dinləməyə də hazırlamalıyıq.
5. Təhqir və həcv eşitmək, düşməndən əziyyət görmək sınaq vasitələrindən biridir.
6. Müqəddəs məqsədlərə çatmaq üçün bütün növ çətinliklərə dözmək lazımdır. Mala, cana, şəxsiyyətə dəyən zərbələr bu qəbildəndir.
7. Müxaliflərdən acı söz gözləmək müsəlmanların hazırlıq səbəblərindəndir.
8. İslam düşmənləri müsəlmanlara zərbə vurmaqda məqsəd birliyi və bəzən üsul birliyindən faydalanırlar.
9. Düşmən aza qane deyil.
10. Səbir və təqva qoşa halda müvəffəqiyyət rəmzidir. Təqvasız sabitqədəmlik inadkar adamlarda da müşahidə olunur.
11. Səbir və təqva biri o biri üçün şərtdir. Səbir və təqva iki məfhum olsa da, ayənin ərəbi mətnində onlara tək halda ("zalikə”) işarə olunur.