Ali-İmran surəsi - Ayə: 183

Məkkəvi Quran-ı Kərim
Ali-İmran surəsi - Ayə: 183
Həmin o kəslər ki, «həqiqətən, Allah (səma kitablarında) bizə (qəbul əlaməti olaraq göydən gələn) odun yandırdığı bir qurbanlıq gətirməyincə heç bir peyğəmbərə əsla iman gətirməməyimizi tapşırmışdır» dedilər. De: «Şübhəsiz, məndən öncə (Zəkəriyya və Yəhya kimi) bir sıra peyğəmbərlər sizin üçün aydın dəlillər və dediklərinizi gətirmişdilər, əgər doğruçusunuzsa bəs onları nə üçün öldürdünüz?!»
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ali-İmran surəsi 183. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 183 MÖHSÜN QƏRAƏTİ.

"Həqiqətən Allah bizdən əhd alıb ki, bizə atəşin yeyəcəyi bir qurban gətirənədək heç bir peyğəmbərə iman gətirməyək” deyən kəslərə söylə: (Bu sözlər bəhanədir.) Şübhəsiz, məndən qabaq aşkar dəlillər və həmin dediyinizlə peyğəmbərlər gəlmişlər. Əgər doğru deyirsinizsə, nə üçün onları öldürdünüz?”
Nöqtələr
Bəziləri İslamı qəbul etməmək üçün bəhanə gətirərək deyirdilər: Allah bizdən əhd alıb ki, gətirdiyi qurbanı səmadan enmiş od yandıran peyğəmbərə iman gətirək. Bu iş onun peyğəmbərliyi üçün əminlik səbəbidir. Ayə nazil oldu və peyğəmbər həmin inadkarlara dedi: «Əgər doğru deyirsinizsə, nə üçün məndən əvvəlki peyğəmbərləri - onların digər möcüzələrinə də baxmayaraq - rədd etdiniz?»
İmam Sadiq (ə) bu ayəni tilavət etdikdən sonra buyurmuşdur: "Peyğəmbər dövründəki inadkar yəhudilərlə peyğəmbərləri qətlə yetirmiş qədim yəhudilər arasında beş yüz illik fasilə vardı. Amma peyğəmbərin müasiri olan yəhudilər öz babalarının əməli ilə razı olduğundan Allah onları da, həmin qətldə suçlu saymışdır.(Təfsire-bürhan”, c. 1, səh. 328; "Kafi”, c. 2, səh. 405.)
Tövratda padşahların ilk kitabında, on səkkizinci fəslin üç və dördüncü cümlələrində Bəni-İsrail peyğəmbərlərinin şəhadəti haqqında danışılır. Eləcə də, "Sifre-Laviyan” kitabında, doqquzuncu fəsildə, ikinci cümlədə qurbanlıq qoç mövzusuna toxunulur.
Bildirişlər
1. Həqiqətin qəbulundan boyun qaçırmaq məqsədi ilə müxtəlif dini həqiqətlərə don geyindirməyin.
2. Yəhudilər Musanı sonuncu peyğəmbər saymırdılar. Onlar deyirdilər: Allah bizimlə növbəti peyğəmbər haqqında əhd bağlamışdır.
3. Zalım ruhiyyəyə köklənmiş insan həm Allaha böhtan atır, həm də heç bir peyğəmbərə təslim olmur. Belələri həm də möcüzələrin onların istəklərinə uyğun olmasını tələb edir.
4. Heyvan qurbanlığının uzun tarixi vardır.
5. Hər bir qövm və millətin keçmişi onların iddialarının yalan və ya doğruluğunun ən yaxşı göstəricisidir.
6. Tarixin ayrı-ayrı dönəmlərində müxaliflər oxşar bəhanələr gətirmişlər.
7. Peyğəmbərlərin yəhudilər üçün gətirdiyi dəlillər və onlarla mübahisələri Allahın təlimi əsasında idi.
8. Bəzən bir işin sübutu üçün maldan keçmək lazım gəlir. Əgər bir malın yanması ilə bəsirət gözü açılırsa, bu, israf sayılmır.
9. Əcdadların günahına razılıq həmin günahlara şərik olmaq səbəbidir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.