Ali-İmran surəsi - Ayə: 190

Məkkəvi Quran-ı Kərim
Ali-İmran surəsi - Ayə: 190
Həqiqətən göylərin və yerin yaradılışında, gecə ilə gündüzün get-gəlində sağlam ağıl və fikir sahibləri üçün (Allahın qüdrət, elm və hikmətini göstərən) nişanələr vardır.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ali-İmran surəsi 190. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 190 MÖHSÜN QƏRAƏTİ.

"Həqiqətən, göylərin və yerin yaranışında, gecə və gündüzün bir-birinin ardınca gəlməsində düşüncə sahibləri üçün (Allahın elm, rəhmət, qüdrət, malikiyyət, hakimiyyət və tədbirinə) nişanələr var.”
Nöqtələr
Fəxr Razi, Qurtubi və Mərağinin təfsirlərində deyilir: Ayişədən həzrət Peyğəmbər (s) haqqındakı ən yaxşı xatirəsini soruşdular. Ayişə dedi: "Peyğəmbərin bütün işləri heyranedici idi. Amma mənim üçün bu hadisə daha mühüm görünürdü. Bir gün peyğəmbər mənim mənzilimdə istirahət edirdi. Yenicə uzanmışdı ki, yerindən qalxdı, dəstəmaz aldı və namaza durdu. O qədər ağladı ki, yaxası islandı. Sonra səcdəyə getdi və səcdə halında o qədər ağladı ki, yer islandı. Sübh Bilal gəlib bu göz yaşlarının səbəbini soruşdu. Həzrət buyurdu: "Dünən Qurandan bir ayə nazil oldu.” Sonra həzrət "Ali-İmran” surəsinin 190-dan 194-dək ayələrini qiraət etdi və buyurdu: "Bu ayələri oxuyub düşünməyənin vay halına!”
"Təfsire-Kəbire-Fəxr Razi”, "Təfsire-Məcməül-bəyan”da Həzrət Əlinin (ə) belə buyurduğu nəql olunur: "Həzrət Peyğəmbər (s) daim gecə namazından qabaq bu ayələri oxuyardı.” Hədislərdə sifariş olunmuşdur ki, biz də bu ayələri oxuyaq.
"Təfsire-nümunə”də Həzrət Əlinin (ə) xas səhabəsi olan Nouf Bəkkali belə nəql edir: Bir gecə Həzrət Əlinin (ə) xidmətində idim. İmam yataqdan qalxdı və bu ayələri oxudu. Sonra məndən soruşdu: "Yatmısan, yoxsa oyaqsan?” Ərz etdim ki, oyağam. Buyurdu: "Xoş o kəslərin halına ki, yerin çirkinliklərini qəbul etməyib, səmalarda seyr edərlər.”
Ayədəki "Əl-bab” sözü "lubb” sözünün cəm forması olub, hər cür boş xəyaldan uzaq, xalis ağıl mənasını bildirir.
Bildirişlər
1. Dünyanın yaranışı məqsədlidir.
2. Varlığı tanımaq Allahı tanımağın müqəddiməsidir.
3. İl boyu gecə və gündüz saatları arasındakı fərq düşüncə sahiblərinin nəzərində təsadüfi deyil.
4. Quran insanları yaranış haqqında düşünməyə rəğbətləndirir.
5. Daha düşüncəli olan insan daha çox nişanəni dərk etməlidir.
6. Yaranış aləmi sirlərlə doludur. Yalnız düşüncə sahibləri bu sirləri dərk edə bilərlər.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.