Yusif surəsi - Ayə: 25

Məkkəvi Quran-ı Kərim
Yusif surəsi - Ayə: 25
Və onların hər ikisi qapıya tərəf qaçdı və qadın onun köynəyini arxadan cırdı. (Qapı açılanda) hər ikisi qadının ağasını (ərini) qapı ağzında gördülər. Qadın dedi: «Sənin ailənə qarşı pis fikrə düşənin cəzası zindana salınmaqdan və ya ağrılı əzab görməkdən başqa nə ola bilər?!»
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Yusif surəsi 25. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Yusif surəsi / ayə 25 MÖHSÜN QƏRAƏTİ.

"Hər ikisi qapıya doğru çıxdı. Qadın onun köynəyini arxadan cırdı. Qəfildən ərini yanında gördü. Qadın (intiqam və ya bəraət üçün) dedi: "Zövcənə qarşı pis məqsədi olanın yeri zindan və ya ağrılı işkəncədən başqa nədir?”

Nöqtələr
"İstibaq” dedikdə iki nəfərin bir-birini ötmək istəməsi nəzərdə tutulur. Yusif günahdan qurtulmaq üçün qaçırdı. Züleyxa da onun ardınca gedirdi. Sanki yarışırdılar. "Qədd” dedikdə parçanın uzununa cırılması başa düşülür. "Lifa” bir şeyi qəfil tapmaq mənasını bildirir.
Bildirişlər
1. Təkcə "məazəllah” demək bəs etmir, həm də günahdan qaçmaq lazımdır.
2. Bəzən əməllər zahirən eyni olsa da, məqsədlər müxtəlif olur. (Biri günahdan uzaqlaşmaq, digəri isə günaha batırmaq üçün qaçır).
3. Günah mühitindən hicrət və günahdan qaçmaq zəruridir.
4. «Qapı bağlıdır» deyə günaha təslim olmaq düzgün deyil. Qapının açılacağı ümidi ilə ona doğru hərəkət etmək lazımdır.
5. Günahkar insan, adətən, özündən sonra iz qoyur.
6. Arabir mənzil və iş yerinə baş çəkmək lazımdır.
7. Bəzən günahkar özü şikayət edir.
8. Günahkar özünü təmizə çıxarmaq üçün yaxınlarının məhəbbətindən istifadə edir.
9. Qüdrət sahibləri təqsirkar olduqda, adətən, başqalarını ittiham edirlər.
10. Günahkar özünü təmizə çıxarmaq üçün başqalarına böhtan atır.
11. Çox vaxt haqq sözdən batil yolda istifadə olunur. (Ərli qadına pis məqsədlə yaxınlaşmaq günahdır. Amma belə bir məqsədin olub-olmaması araşdırılmalıdır.)
12. Züleyxa aşiq yox, həvəsbaz idi. Çünki aşiq canını məşuq yolunda verməyə hazırdır. Züleyxa isə Yusifə böhtan atıb onu zindana saldı.
13. Zindan və günahkarların həbsi tarixi keçmişə malikdir.
14. Cəzanı elan etməsi Əzizin arvadının qüdrətini göstərirdi.
15. Həvəs qatqılı eşq bəzən aşiqi qatilə çevirir.
16. Züleyxanın dövlət ətrafında və yol seçimində nüfuzu vardı.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.