"Hər hansı ayəni nəsx (ləğv) etsək və ya onu təxirə salsaq, ondan da yaxşısını və ya onun kimisini göndərərik. Məgər bilmirsənmi ki, Allah hər şeyə qadirdir?!”
"Nunsiha” sözü "insa” məsdərindən olub, təxirə salmaq və ya ləğv etmək mənasını verir. Bu mənada ki, ayənin nüzulu təxirə düşər və bir müddət sonra nazil olar.
Bu ayə yəhudilərin mənfi təbliğatına cavabdır. Onlar soruşurdular ki, nə üçün İslamda bəzi qanunlar dəyişilir? Nə üçün qiblə Beytül Müqəddəsdən Kəbəyə dəyişdirildi? Əgər əvvəlki düz idisə, bəs sonrakı göstəriş nə üçündür? Əgər ikinci göstəriş düzdürsə, demək sizin əvvəlki əməlləriniz batil imiş!
Quran bu iradlara cavab olaraq bildirir ki, hər hansı bir hökm nəsx olduqda və ya təxirə salındıqda onun yerinə daha üstünü və ya onun kimisi göndərilir. Quran yersiz irad tutanlara cavab olaraq bildirir ki, onlar tərbiyəvi, ictimai-siyasi hökmlərin əsərlərindən qəflətdədirlər. Həkim öz xəstəsinə birinci mərhələdə təyin etdiyi dərmanları növbəti mərhələdə dəyişə bilər. Şagird inkişaf etdikcə müəllim də onun dərs proqramında dəyişiklik aparır. Allah da müxtəlif zaman və şəraitlərdə bəşərə daha kamil proqramlar təqdim edir.
Ayədə nəzərdə tutulanlardan biri də cəmiyyətdə imamın mövcudluğu, hər bir imamın canişini olmasıdır. Çünki uyğun ayə ilə bağlı hədisdə oxuyuruq: "Hər imam dünyadan gedəndə başqa bir imam onun canişini olur.("Maidə”, 64. )
1. İnsan öz fitri və sabit ehtiyacları ilə bəzən xususi ictimai, iqtisadi, siyasi və hərbi şəraitlərə düşür. Belə məqamlarda sabit qanunlarla yan-yana dəyişən göstərişlər olmalıdır. Nəsx peyğəmbər və onun canişinlərinin göstərişi yolu ilə həyata keçir.
2. Hökmün dəyişməsi əvvəlki hökmlərin uğursuzluğu deyil. Əslində nəsx yeni məsələlərə həkimanə diqqətin nəticəsidir. Necə ki, sinifdən sinfə kitab və müəllim dəyişir.
3. Zahirdə göstərişlər dəyişkən, peyğəmbərlər isə çoxsaylıdır. Amma Allahın lütfü eynidir.
4. Hökmlərin dəyişməsi, onların təxirə salınması Allahın əlindədir.
5. Daim daha üstün önə çəkilməlidir.
6. İslamda dalan (çıxılmaz vəziyyət) yoxdur. Bəzi qanunlar dəyişə bilər.
7. Qanun dəyişməsi müxtəlif şəraitlərin və yeni tələblərin ortaya çıxmasından əlavə, qüdrətə ehtiyaclıdır.