Əl-Bəqərə surəsi - Ayə: 102

Məkkəvi Quran-ı Kərim
Əl-Bəqərə surəsi - Ayə: 102
(Yəhudilər) Süleymanın zamanında şeytanların (özlərinin tərtib etdikləri cadu kitabından) oxuduqlarına tabe oldular. Süleyman kafir olmadı (həmin dövrdə küfrə səbəb olan və ya küfr hesab olunan sehr günahına batmadı), lakin şeytanlar camaata sehr öyrətməklə və həmçinin Babil diyarına nazil olmuş iki mələyə - Harut və Maruta nazil olanla (onlara tabe olmaqla) kafir oldular. Halbuki o ikisi «biz yalnız imtahan vasitəsiyik (və sehri sənə yalnız sehrbazlarla mübarizə və onların sehrini batil etmək üçün öyrədirik)» deməkdən başqa heç kəsə (bir şey) öyrətmirdilər. Odur ki, amandır, küfr etmə (və sehri qadağan olunmuş yerlərdə istifadə etmə)!» Lakin onlar o iki mələkdən vasitəsilə ərlə arvad arasında ayrılıq saldıqları şey öyrənirdilər, halbuki Allahın (əzəli) izni olmadan kiməsə zərər vurmaq qüdrətinə malik deyildilər. Və onlar daim özlərinə zərər vuran və faydası olmayan şeylər öyrənirdilər. Həqiqətən, (yəhudi tayfası) belə bir əməli satın alanın axirətdə bir nəsibinin olmayacağının qətiliyini bilirdilər. Özlərini satdıqları şey olduqca pisdir, əgər bilsəydilər!
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Bəqərə surəsi 102. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 102 MÖHSÜN QƏRAƏTİ.

"(Yəhudilər) Süleymanın əsrində şeytanların oxuduqlarına tabe olurdular. Süleyman heç vaxt kafir olmadı. Amma şeytanlar xalqa sehr-cadu öyrətməklə kafir oldular. Babil şəhərində Harut və Marut adlı iki mələyə nazil olanlara tabe oldular. O iki mələk əvvəlcə "Biz sizin imtahan vasitənizik”, "kafir olmayın” deməmiş kimsəyə bir şey öyrətmədilər. Amma onlar bu iki mələkdən elə bir şey öyrəndilər ki, onun vasitəsi ilə ərlə arvad arasına ayrılıq sala bilsinlər. Amma Allahın iradəsi olmadan heç vaxt kimsəyə zərər toxundura bilməzlər. Onlar o hissələri öyrəndilər ki, özləri üçün xeyiri yox, ziyanı oldu. Şübhəsiz, bilirdilər ki, hər kəs belə şeylərin alıcısı olsa, axirətdə bəhrəsi olmayacaq. Doğrudan da, özlərini çox pis bir şeyə satdılar. Əgər bilsəydilər!”
Nöqtələr
Rəvayətlərdən məlum olur ki, həzrət Süleyman azğınlıqların və ya sui-istifadənin qarşısını almaq üçün sehrbazların (sahirlərin) vərəqlərinin toplanıb saxlanılmasını əmr etdi. Amma onun vəfatından sonra bəziləri bu vərəqləri əldə edib, onun təlimi və xalq arasında yayılması ilə məşğul oldular. Onlar hətta Həzrət Süleymanın möcüzələrini də sehr kimi tanıtdırıb, onun peyğəmbərliyini inkar etdilər. Bəni-İsraildən də bir dəstəsi Tövrata itaət etmək əvəzinə sehr-cadu arxasınca getdi. Bu baxış o qədər genişlənmişdi ki, hətta İslam peyğəmbərinin (s) dövründəki yəhudilər də həzrət Süleymanı peyğəmbər kimi yox, sehrbaz kimi tanıyırdılar.
Ayə Tövratdan üz döndərmə günahı və azğınlığını, sehr təliminə məşğul olan şeytanlara itaəti təsvir edir. Yəhudilər Tövrat əvəzinə Süleyman dövründə şeytanların xalqa öyrətdiklərini oxuyur və ona itaət edirdilər. Onlar öz işlərinə don geyindirmək üçün Süleymanı sehrdə ittiham edirdilər. Hansı ki, Süleyman ilahi bir insan, onun işi isə möcüzə idi. Şeytanlar isə ona qarşı çıxır və sehrə əl atırdılar.
Deyilənlərdən əlavə, yəhudilər digər sehr mənbələrinə də yol tapdılar. Allah Harut və Marut adlı iki mələyi Babil şəhərinə insan surətində göndərib xalqa sehr-cadunu aradan qaldırmaq yolunu öyrətmək istədi. Amma bundan ötrü əvvəlcə onları sehrlə tanış etmək lazım gəlirdi. Çünki insan bir şeyin kimyəvi tərkibini bilmədən onu məhv etməyi bacarmır. Ona görə də mələklər əvvəlcə sehr yolunu, sonra isə sehri aradan qaldırmaq yolunu öyrədirdilər. Onlar şagirdlərinə bunu öyrətməzdən qabaq şərt kəsdilər ki, ondan sui-istifadə etməsinlər. Dedilər: Bu iş fitnə və sınaq mayasıdır. Eləcə də insanlar ondan özlərini məhv etmək üçün istifadə etməməlidirlər. Amma yəhudilər bu bilikdən sui-istifadə edib, ondan pis yolda bəhrələndilər. Hətta ərlə arvad arasında ayrılıq salmaq üçün bu yoldan istifadə etdilər.
Quran burada maraqlı və düşündürücü bir nöqtəni xatırladır. Buyurulur ki, sehr elminə malik olan sahir Allahın qüdrət dairəsindən xaric deyil. O, Allahın iradəsi olmadan bir iş görə bilməz, kimsəyə zərər toxundurmağı bacarmaz. Amma Allah hər bir şey üçün təsir müəyyənləşdirdiyindən sehr-cadunun da mənfi təsirləri ola bilər. Onun mənfi təsirlərindən biri də ailə rabitələrinin qırılmasıdır.
Bildirişlər
1. Haqq hökumətdə və ilahi hakimin rəhbərliyi altında da bütün xalq islah olmur. Bəziləri əyri yola meyl edir.
2. Şeytanlar Süleymanın hakimiyyəti zamanı da bekar oturmurdular. Onlar daim mənfi təlqinlər edirdilər.
3. Hökumət peyğəmbərliyə (nübüvvətə) zidd deyil. Bəzi peyğəmbərlərin hökuməti olmuşdur.
4. Sehrkarlar öz işlərini müqəddəs göstərmək, ona don geyindirmək üçün Süleymanı da sehrkar kimi tanıtdırırdılar.
5. Allah başqalarının böhtanları qarşısında peyğəmbərlik məqamını müdafiə edir.
6. Sehrin öyrənilməsi, öyrədilməsi və tətbiqi küfr cərgəsindədir. Rəvayətlərdə bildirilmişdir ki, sehrkar kafirdir və onun cəzası qətldir.
7. Zərərli biliklər və azğın əqidələrlə mübarizə üçün salehlər onlardan xəbərdar olmalıdırlar.
8. Öyrənib öyrədərkən elmlərin mənfi cəhətlərini nəzərə çatdırmaq lazımdır.
9. İnsan iki təlim arasında qərar verilmişdir: Şeytani vəsvəsələr və ilahi ilhamlar.
10. Mələklər də insanlara müəllim ola bilərlər.
11. Bəzən elm və bilik sınaq vasitəsi olur.
12. Ərlə arvad arasına təfriqə salmaq şeytanların işidir və küfr həddindədir.
13. Elm və bilik həmişə faydalı olmur. Bəzən insan öz biliyindən zərər çəkir.
14. Sehr və cadu gerçəklikdir və insanın həyatına təsiri var.
15. Sehrkar, müəyyən işlər görür. Amma onun işinin bütün təsirləri Allahın nəzəri altındadır.
Allaha pənah aparmaq, təvəkkül, dua və sədəqə yolu ilə bu qurğulardan xilas olmaq mümkündür.
16. Sehrkarlar dünyada var-dövlətə, şan-şöhrətə çatsalar da, qiyamətdə əlləri boşdur.
17. Təfriqə, sehr-cadu arxasınca gedən insan öz insanlığını əldən verir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.