Ət-Tövbə surəsi - Ayə: 40

Məkkəvi Quran-ı Kərim
Ət-Tövbə surəsi - Ayə: 40
Əgər ona (Peyğəmbərə) kömək etməsəniz, şübhəsiz, kafirlər onu iki nəfərdən (Peyğəmbərlə Əbu Bəkrdən) biri olaraq Məkkədən çıxardıqları zaman, hər ikisi o mağarada (Məkkə yaxınlığındakı «Saur» mağarasında) olduqları vaxt və o, yanındakına «qəm yemə, Allah mütləq bizimlədir» dediyi zaman Allah ona kömək etdi(yi kimi yenə də kömək edəcəkdir). Beləliklə, Allah ona (Peyğəmbərə) Öz rahatlıq və xatircəmliyini nazil etdi, (İslam müharibələrində) onu sizin görmədiyiniz qoşunlarla qüvvətləndirdi və kafirlərin sözünü alçaltdı. Uca və üstün, Allahın kəlməsidir (Onun peyğəmbərlərə kömək və dininin digər dinlərə qalib gəlməsi barəsindəki əzəli vədidir)! Allah yenilməz qüdrətli və hikmət sahibidir.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ət-Tövbə surəsi 40. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 40 MÖHSÜN QƏRAƏTİ.

"Əgər peyğəmbərə yardım göstərməsəniz, həqiqətən, Allah ona−kafirlər onu Məkkədən çıxardığı vaxtda olduğu kimi kömək göstərər. Halbuki o, iki nəfərdən biri idi, o zaman ki, o iki nəfər mağarada idilər. (Peyğəmbər) öz yoldaşına (Əbu-Bəkrə) deyirdi: "Qəm yemə, Allah bizimlədir.” Allah ona aramlıq nazil etdi, görmədiyiniz döyüşçülərlə ona yardım göstərdi, kafirlərin planlarını alt-üst etdi. Allahın sözü üstündür, Allah qüvvət və hikmət sahibidir.”
Nöqtələr
Ayədə Peyğəmbərin (s) qətlə yetirilməsi ilə bağlı müşriklərin qurğularına işarə olunur. Müşriklər qərara gəlmişdilər ki, hər qəbilədən bir nəfər seçilsin və hazırlanmış dəstə gecə ikən Peyğəmbərin (s) evinə daxil olub onu öldürsün. Həzrət Peyğəmbər (s) Əli ibn Əbu-Talibi öz yerində yatırdıb, gecə Əbi- Bəkrlə birlikdə Sur mağarasına üz tutdu. Peyğəmbəri (s) yatağında tapmayan kafirlər onu təqib etməyə başladılar. Amma Sur mağarasının ağzında qurulmuş hörümçək toru onları çaşdırdı və elə düşündülər ki, Peyğəmbər (s) mağarada deyil. Həmin vaxt Əbi-Bəkrin qulamı (Amir ibn Fəhrə) onlar üçün qida gətirir, Əli (ə) isə Mədinə səfərinə hazırlıq görürdü. Üç gün sonra Əlinin (ə) hazırladığı üç dəvə ilə Peyğəmbər (s), Əbu-Bəkr və bələdçi Mədinəyə yola düşdü. 
Sual: Bu səfərdə Peyğəmbərin (s) Əbi-Bəkrin müdafiəsinə ehtiyacı vardımı?
Cavab: Müşriklərin səfərbər qüvvəsi qarşısında qoca bir kişi nə edə bilərdi?!
Sual: Ayədə "li sahibihi” təbiri ilə yad olunması Əbu-Bəkrə Peyğəmbərdən (s) sonra canişinlik ləyaqəti vermirmi?
Cavab: "Sahib” təbiri ləyaqət göstəricisi deyil. Düşüncə, əqidə baxımından fərqli insanlar da müsahib ola bilər. Bu fərqi "Kəhf” surəsinin 37-ci ayəsi də təsdiqləyir.
Sual: Çoxsaylı səhabələr arasından yalnız Əbu-Bəkrin Peyğəmbərlə (s) yola düşməsi onun ləyaqətindən danışmırmı?
Cavab: Həmin gecə Həzrət Əli (ə) canından keçərək Peyğəmbərin (s) yatağında uzanmışdı. Əbu-Bəkr isə vəzifə olaraq Peyğəmbəri (s) müşayiət edirdi.
Sual: Əbu-Bəkr öz canından, yoxsa Peyğəmbərin (s) canından qorxurdu?
Cavab: Əgər Əbu-Bəkr Peyğəmbərə (s) görə narahat idisə, belə bir narahatlıq hər bir müsəlmanın vəzifəsidir.
Sual: Fəzilətə malik "Kisa əshabı” beş, mağara əshabı isə iki nəfər idi. Məgər ikinci hal daha xüsusi və mühüm deyilmi?
Cavab: Peyğəmbər (s) öz əhli-beyti olan Kisa əshabı üçün dua edirdi və hər bir namazın təşəhhüdündə bu əshaba salavat göndərmək müsəlmanlara vacibdir. Bütün hallarda bu iki əshabın məqamı fərqlidir.
Sual: Bu ayədə Allahın Peyğəmbər (s) və Əbu-Bəkrlə olduğu bildirilir. Digər ayələrdə isə Allahın müttəqilərlə olduğu bəyan olunur. Bu o demək deyilmi ki, Əbu-Bəkr də müttəqilərdən idi?
Cavab: Nə qədər ki, insan ehsan və təqva dairəsindədir, Allah onunladır. Elə ki, bu dairədən çıxdı, Allahın lütfündən məhrum olur. Hərəkətlərin və mövqelərin Qədire-Xum və beyət hadisəsinə münasibətdə necə dəyişdiyinə diqqət lazımdır.
Sual: Ayədə buyurulur ki, Allah ona (Əbu-Bəkrə) aramlıq bəxş etdi. Məgər bu imtiyaz deyilmi?
Cavab: Bu ayədə işlənmiş beş əvəzliyin hər biri Peyğəmbərə (s) aiddir. Necə ola bilər ki, "Ələyhi” əvəzliyi Əbu-Bəkrə aid olsun?!
Bildirişlər
1. İslam bizim himayəmizə ehtiyaclı deyil. İslamın hamisi Allahdır. Belədirsə, öz qələbəmizlə qürrələnməyək.
2. Allah-təala müsəlmanların qələbəsini Təbukda təzmin etdi.
3. Müsəlmanların qələbələri ilahi qüdrət nümunələrindəndir.
4. Peyğəmbər mövcud vəziyyət və kafirlərin təzyiqlərinə xatir Məkkədən çıxdı.
5. Əgər Allah istəsə, yaranmışların əşrəfini (Peyğəmbəri (s) ən zəif hörgü ilə (hörümçək toru ilə) hifz edər.
6. Aramlıq və arxayınlıq ilahi hədiyyədir və maddi vasitələrlə əldə olunmaz.
7. Mələklər Allahın əmri ilə möminlərə yardım göstərir.
8. Hicrət İslamın izzət və küfrün süqut səbəbidir.
9. Allahın iradəsi bütün istək və iradələrdən üstündür.
10. Zalımların qüdrəti qəlb aramlığına malik möminlərin qarşısında acizdir. 
11. Allah kəlməsinin qüvvəsi və kafirlərin qurğularının puça çıxması ilahi qüvvət və hikmət cilvəsidir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.