"Həmin qızıl-gümüşlər cəhənnəm odunda qızdırılar və onların alınlarına, kürəklərinə və bellərinə dağ basılar. (Əzab mələkləri onlara deyərlər:) Budur özünüz üçün yığdıqlarınız, yığdıqlarınızın ləzzətini dadın!”
"Tukva” deyərkən qızdırılmış şeyin bədən üzvünə yapışdırılması başa düşülür.
Ayədə insan vücudunun üç hissəsinin qeyd olunması həmin hissələrin istiyə daha həssas olması ilə izah edilə bilər. Başqa bir səbəb varlıların fəqirlərə qaşqabaqlı üzlə baxması, onlara arxa çevirməsi ola bilər. Mümkündür ki, üz dedikdə bədənin qabaq, bel dedikdə arxa hissəsi nəzərdə tutulsun. Kürək dedikdə bədənin iki tərəfinə işarə oluna bilər. Bu üç hissənin dağlanması bütün bədənin dağlanmasını göstərir.
İmam Sadiq (ə) bu ayəyə istinad edərək zəkatın tərk edilməsini böyük günah saymışdır.
Bir rəvayətdə Əbuzər deyir: "Həzrət Peyğəmbər (s) Kəbə kənarında iki dəfə təkrarladı: "And olsun Kəbənin Allahına! Onlar ən böyük ziyankarlardır.” Soruşdum ki, atam-anam sənə fəda olsun, kimi nəzərdə tutursan? Həzrət buyurdu: "Qızıl yığanları.”
1. İnsanı ilkin şəklinə qaytaran Allah cansız cisimləri, qızıl-gümüşü də ilkin surətinə gətirə bilər.
2. İnsanın qiyamətdəki mükafat və cəzası onun dünyadakı əməllərinə uyğundur.
3. Qiyamət səhnəsində işgəncə vasitələrindən biri dünyadakı mallardır.
4. Allah qiyamət günü var-dövlətin şirinliyini qızıl toplayanların burnundan tökər.