"Ey kitab əhli! Öz dininizdə həddi aşmayın və yalnız haqqı Allaha aid edin. Həqiqətən, Məsih, Məryəm oğlu İsa Allahın Məryəmə yetirdiyi elçi və onun kəlməsidir. İsa Allah tərəfindən bir ruhdur. Belədirsə, Allaha və Onun rəsuluna iman gətirin. Üç üqnuma inanmayın. (Bu sözdən) əl götürün, bu, sizin faydanızadır. Allah bir olan məbuddur və övladı olmaq sifətindən pakdır. Haqq yalnız budur. Səmalarda və yerdə nə varsa Onundur. Varlıq aləmində tədbir və rəhbərlik üçün Allah yetər.”
"Kəlimətullah” peyğəmbər və övliyalara verilən addır. Kəlmə bir mətləbi dinləyicinin zehnində formalaşdırdığı kimi, peyğəmbərlər və övliyalar da Allahın kəlmələrini bəyan edirlər. Hədisdə deyilir: "Biz, Allahın kamil kəlmələriyik.”("Təfsire-Ətbəyul-bəyan”. )
Kəlmə deyildikdə Allahın "kun fəyəkun” təbiri də nəzərdə tutula bilər. Bütün təbirlər kimi, bu təbir də kəlmədən yaranır.(v) Necə ki, "Ali-İmran” surəsinin 59-cu ayəsində İsanın yaranışı Adəmin yaranışına bənzədilmişdir.
İmam Sadiq (ə) "Onun ruhundan” təbiri haqqında verilən suala belə cavab vermişdir: "Məqsəd Allahın Adəm və İsada qərar verdiyi ilahi ruhdur.”("Kafi”, c. 1, s. 133. )
Məsihilər müqəddəs üçlüyə inanır, Allahı ata Allah, İsanı oğul Allah və Cəbraili bu iki Allah arasında vasitə sayırlar. Bu, şübhəsiz ki, küfrün bir növüdür. Quran buyurur: "Allahı üç Allahdan biri sayanlar kafirdir.”("Maidə”, 73. )Məsihilərdən bir qrupu isə Həzrət Məryəmi Cəbrailin yerinə üç Allahdan biri bilirlər. Quran bu barədə buyurur: "Ey İsa! Sən xalqa demisənmi ki, məni və anamı iki Allah qərar verin?”("Maidə”, 115. )
Rəvayətdə həddi aşanlar nifrin edilmiş və belələri kafir müşriklərin ən pisi sayılmışlar.("Mizanul-hikmə”. )
Əgər atanın olmaması Allahlıq dəlilidirsə, həzrət Adəm də Allah sayılmalıdır. Çünki onun nə atası var, nə də anası.
1. Həddi aşmaq yersiz təəssüb nişanəsidir. Belə bir hal bütün dinlərdə qadağandır. Yəhudilər Üzeyiri, məsihilər isə İsanı Allahın oğlu sayırdılar.
2. Səmavi dinlərin bəlalarından biri dini rəhbərlərə münasibətdə ifrata varılmasıdır.
3. Bütün hallarda orta həddi gözləmək zəruridir. Allahın övliyalarına məhəbbət ifratçılıq səbəbi olmamalıdır.
4. Hətta peyğəmbərlərə münasibətdə həddin aşılması Allaha qarşı azğınlıqdır.
5. Quran və İncildə həzrət İsa Allahın peyğəmbəri kimi tanıtdırılır. Onun nə Allah, nə də Allah oğlu olmasından söhbət gedir. Quranda İsa on yeddi dəfə Məryəmə aid edilmişdir. İncildə də həzrət İsa Allah yox, Allahın elçisi kimi zikr olunur. Həzrət İsa İncildə səksən dəfə özünü Allahın bəndəsi və rəsulu kimi təqdim etmişdir.("Təfsire-Furqan”. )
6. İsanın qeyri-təbii yaranışı Allahın ayə və nişanəsidir. Necə ki "kəlmə” məna göstəricisidir.
7. İsa Allahın bir hissəsi yox, onun həyatverici qüdrətindən yaranmışdır.
8. Quran düzgün əqidəni bəyan, batil əqidəni rədd edir.
9. Allah cisim deyil ki, övladı olsun. Dini mətnlərdəki "Allahın əli” kimi ifadələr məcazi mənada işlənmişdir.)
10. Səmaların maliki olan Allahın övlad və şərikə nə ehtiyacı?!
11. Hər şey Allahdandır. Onun bəndəsi olub, yalnız Ona təvəkkül etmək lazımdır.