Əl-Maidə surəsi - Ayə: 8

Məkkəvi Quran-ı Kərim
Əl-Maidə surəsi - Ayə: 8
Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Maidə surəsi 8. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Maidə surəsi / ayə 8 MÖHSÜN QƏRAƏTİ.

"Ey iman gətirənlər! Bütün vücudunuzla daim Allah üçün qiyam edin, insaf və ədalətə şahid durun. Bir qövmlə düşmənçilik heç vaxt sizi ədalətsizliyə vadar etməsin. Ədalətə riayət edin ki, bu, təqvaya daha yaxındır. Allahdan çəkinin ki, həqiqətən, Allah gördüyünüz işlərdən agahdır.”
Nöqtələr
Bu ayənin oxşarı azca fərqlə "Nisa” surəsinin 135-ci ayəsində nazil olmuşdur. Ayədə deyilir ki, ədalət uğrunda qiyam edin və Allah üçün şahid olun. Hətta insanın özünə və ya valideynlərinə, yaxınlarına zərərli də olsa, belə etməlidir. Ayələr arasında fərq ondan ibarətdir ki, bu ayə tapşırır: Kin və düşmənçiliklər sizi azdırmasın. "Nisa” surəsindəki ayədə isə belə buyurulur: "Əlaqələr və bağlılıqlar sizi ədalət dairəsindən çıxarmasın.” Bəli, ədalət xəttindən çıxmanın səbəbi ya düşmənçilik və kindir, ya da məhəbbət və dostluq. Hər ayədə bu iki amildən birinə işarə olunur.
Xalqa münasibətdə qəlbdəki kini aradan götürmək çətin olduğundan bu ayədə uyğun məsələ ilə bağlı bir neçə göstəriş verilir və təşviqlər olunur.
Bildirişlər
1. İctimai ədalət yalnız Allah və məada iman sayəsində bərqərar olur.
2. Ədalət təkcə əxlaqi bir dəyər deyil. Ədalət qəti ilahi göstərişdir.
3. Əgər insanı hərəkətə gətirən onun qəlbindəki kindirsə, ixlasdan danışmağa dəyməz. Amma insan Allaha yaxınlıq məqsədi ilə hərəkət etdikdə, kin-küdurət ədalətin gözlənilməsinə təsir etmir.
4. Ötəri ədalət yox, xarakterə çevrilmiş ardıcıl ədalət dəyərlidir.
5. Möminlər həm Allahla rabitədədirlər, həm də xalqla rabitədə ədalətə şahiddirlər.
6. Əgər inansaq ki, Allah bizim əməllərimizdən xəbərdardır, ədaləti gözləyərik.
7. Qəlbi kinlə dolu insanlar ədalətli ola bilməzlər. (Ədalətə çatmaq üçün kin-küdurətə nəzarət edilməlidir.)
8. İnsanın hissləri ədalət çərçivəsində nizamlanmalıdır.
9. Kin-küdurət ədalətin pozulması amillərindəndir.
10. Siyasi proseslərdə, daxili və xarici əlaqələrdə hətta düşmənlərə də qarşı ədalətli olaq.
11. Ədalətli və insaflı insanlar təqvaya daha yaxındırlar.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.