Əl-Maidə surəsi - Ayə: 1

Məkkəvi Quran-ı Kərim
Əl-Maidə surəsi - Ayə: 1
Ey iman gətirənlər, əhd-peymanlarınıza (nəzr, əhd və and içmək kimi özünüzlə olan peymanlara, müqavilə və digər sazişlər kimi camaatla bağladığınız peymanlara və dinin hökmlərinə riayət etməyi boyuna götürmək kimi Allahla olan peymanlara ki, bəzi şeylərin halallığına və haramlığına riayət etmək də bu qəbildəndir) vəfa edin. Dördayaqlı heyvanlar(ın ətləri və kəsilərkən analarının qarınlarından ölü halda çıxan balaları) sizə oxunan istisna olmaqla, ehram halında ov etməyi halal hesab etməyən sizlərə halal edildi. Həqiqətən Allah istədiyini hökm edir.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Maidə surəsi 1. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Maidə surəsi / ayə 1 MÖHSÜN QƏRAƏTİ.

"Ey iman gətirənlər! (Allah və xalqla olan) əhdlərə vəfa edin. (Qadağan hökmü) sizə oxunacaq şeylər istisna olmaqla dördayaqlılar (onların ətini yemək) sizin üçün halal edilmişdir. Ehram (həcc qiyafəsi) halında ovu halal saymayın. Həqiqətən, Allah istədiyini (məsləhət bildiyini) hökm edər.”

Nöqtələr
Ayədə "bəhimə” sözü dördayaqlılar və mal-qara mənasını bildirir. İnək, dəvə və qoyun "ənam” adlandırılmışdır. Quranda üç dəfə işlədilmiş "bəhimətul-ənam” ifadəsi bu dördayaqlıların ətinin halal olduğunu bildirir. İmam Sadiq (ə) buyurmuşdur: "Bəhimətul-ənam” dedikdə anasının paklığı onun üçün də paklıq sayılan, kəsilmiş heyvan bətnindəki bala ("cənin”) başa düşülür.”  Mərhum Feyz "Safi” təfsirində buyurur: "Bəlkə də bu rəvayət ayədə gizli qalmış şeyin nümunəsini bəyan edir. Ya da ananın qarnı baxımından onlar "bəhimət” adlandırıla bilər. Buna görə də bu ifadələrin nümunə olmasında ziddiyyət yoxdur. 
Həzrət Peyğəmbər (s) buyurmuşdur: "Vəfası olmayanın dini yoxdur.”  Bəli, əgər əhdlərə əməl olunmasa, cəmiyyətin sütunları laxlayar, ümumi etimad aradan götürülər və hərc-mərclik baş alar.
Quran hətta müşriklərlə bağlanmış peymana vəfalı olmağı lazım bilir. İmam Sadiqdən (ə) nəql olunmuş bir hədisə əsasən, hətta günahkarlarla bağlanmış peymana vəfa lazımdır. 
Digər bir rəvayətə əsasən, əgər bir müsəlman kafir düşmənə işarə ilə aman verərsə, digər müsəlmanlar da işarə ilə həyata keçmiş bu peymana əməl etməlidirlər 
Səmavi kitablar Allahın əhdləridir. Onlara vəfalı olmaq lazımdır. Əhde-qədim (Tövrat), əhde-cədid (İncil) və əhde-axir (Quran) bu qəbildəndir. Hədisdə Quranın ilahi əhd olduğu bildirilir. 
Bildirişlər
1. Müsəlmanlar bütün peymanlara, əhdlərə sadiq olmalıdırlar. Əhdin şifahi, yazılı, əməli olmasının fərqi yoxdur. Bu əhdlər siyasi, iqtisadi, ictimai və ya ailə ilə bağlı ola bilər. Əhd güclü də ola bilər, zəif də. Dost və düşmənlə, Allah və xalqla, fərd və cəmiyyətlə, kiçik və ya böyüklə, məntəqə ölkələri və ya uzaq məmləkətlərlə bağlanmış peymanlar mötəbərdir. Ayədəki "əl-üqud”, yəni əqdlər sözü "əlif-lam” artikli ilə başladığından bütün peymanları və əhdləri əhatə edir.
2. Əhd və peymana vəfanın zəmanətçisi imandır.
3. Əhdə vəfasızlıq və zülm ilahi nemətlərdən və lütflərdən məhrumluq rəmzi olduğu kimi,  əhdə sədaqət həmin lütf və nemətlərdən bəhrələnmə amilidir. (Bəli, vədəyə vəfalı olmaq xoş gün rəmzidir. Məsəl var ki, diqqətli və vəfalı insan xalqın malına şərikdir.)
4. Bir halda ki, Allah bizim ixtiyarımızda növbənöv nemətlər qoymuşdur, Onun peymanlarına vəfalı olaq.
5. İlahi peymanlardan biri qidaların halal-haramlıq hökmlərinə diqqətdir.
6. İslamda həm ictimai, həm də iqtisadi məsələlərə diqqət yetirilir. (Əhdə vəfa ictimai, heyvanlardan faydalanma iqtisadi məsələlərdəndir.)
7. Ölmüş və ya boğulmuş dəvə, inək və qoyun ətinin istifadəsi haramdır.
8. Dördayaqlılar arasında halal olmayanları da vardır. (Çünki uyğun cümlə müəyyən növ dördayaqlılara aiddir.)
9. Ehram halının ehtiramının hifzi üçün bəzi məhrumiyyətləri də dadmaq lazımdır. Ehramda olan insan ovdan çəkinməlidir.
10. Ehram vəziyyətində qadağalara əməl Allahla əhd və peymana vəfa hallarındandır.
11. Ehram (həcc halı) Allahla əhd-peymandır.
12. Ehram xüsusi və möhtərəm bir haldır.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.