Əl-Maidə surəsi - Ayə: 2

Məkkəvi Quran-ı Kərim
Əl-Maidə surəsi - Ayə: 2
Ey iman gətirənlər, Allahın (həcc və ümrə əməlləri və o ibadətlərin məkanları kimi tovhid və pərəstiş) nişanələrinə, haram aylara (Rəcəb, Zilqədə, Zilhiccə və Məhərrəm aylarına), nişansız qurbanlığa və boynunda boyunluq olan qurbanlığa və Rəbblərindən lütf və razılıq diləyən Beytül-Həram zəvvarlarına hörmətsizlik etməyin. Ehramdan çıxdıqdan sonra ov ovlaya bilərsiniz. Məscidül-Hərama girməyinizə mane olmuş bir dəstənin ədavəti sizi (onlara qarşı) həddi aşmağa vadar etməsin. Bütün xeyir iş(lərdə) və təqvada bir-birinizə kömək edin və günah və həddi aşmaqda bir-birinizlə köməkləşməyin. Allahdan qorxun ki, həqiqətən Allah ağır cəzalandırandır.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Maidə surəsi 2. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Maidə surəsi / ayə 2 MÖHSÜN QƏRAƏTİ.

"Ey iman gətirənlər! İlahi mərasimlərin, haram ayın, həcc qurbanlığı və həcc üçün nişanlanmış heyvanların, Allahdan fəzl və razılıq diləyən Allah evi yolçularının hörmətini sındırmayın. Ehram halından çıxdığınız vaxt (və ümrə əməllərini sona çatdırdıqda) ov edə bilərsiniz. Sizi Məscidül-həramdan çıxarmış dəstə ilə düşmənçilik sizi ədalətsizliyə və təcavüzə vadar etməsin. Yaxşı işlərin icrasında və çirkinliklərdən uzaqlıqda bir-birinizə yardım göstərin. Heç vaxt günah və sitəmdə bir-birinizə kömək etməyin və Allahdan çəkinin. Həqiqətən, Allahın cəzası ağırdır.”
Nöqtələr
Həcdə qurbanlıq üçün hədiyyə olunan əlamətsiz heyvan "hədy” adlanır. "Qəlaid” isə həcc mərasimindən öncə boynundan bir şey asılmaqla və ya damğalanmaqla həcc qurbanlığı nişanı vurulan heyvanlardır.
Allah-təala bu ayənin əvvəlində bütün mərasimlərə hörməti vacib və onlara ehtiramsızlığı haram buyurmuşdur. Amma mərasimlər arasında bir neçə hal xüsusi qeyd edilmişdir. O cümlədən: rəcəb, zil-qədə, zil-hiccə, məhərrəm ayları. Bu aylarda döyüş haram buyurulmuşdur. Zih-hiccə ayında həcc əməlləri yerinə yetirilir. "Hədy” nişansız, "qəlaid” isə nişanlı qurbanlıqdır.
Hicri altıncı ildə müsəlmanlar Mədinədən Məkkəyədək həcc məqsədi ilə səksən fərsəx yol adladılar. Amma kafirlər bu işə mane oldular. Hüdəybiyyə sülhü önə gəldi. Məkkə ki, fəth olunmuşdu, təcavüzə yol verilməməli idi.
Elm təhsili "birr”, yəni yaxşı işdirsə, mədrəsə, kitab, kitabxana, laboratoriya, nəqliyyat və ustad təminatı da bu işə yardımlardandır.
Yaxşılıq və paklıqda yoldaşlıq və yardım
"Bəqərə” surəsinin 177-ci ayəsində "birr”in bəzi nümunələri bəyan olunmuşdur: Allaha və qiyamət gününə, mələklərə və səmavi kitablara, peyğəmbərlərə və övliyalara iman, cəmiyyətdəki məhrumlara kömək, peymanlara sədaqət, işlərdə səbir.
Çoxsaylı rəvayətlərdə yaxşılığa yardım, məzlumlara və məhrumlara kömək sifariş olunmuşdur. Bununla yanaşı, zalımlara kömək qadağan edilmişdir. Burada təbərrük olaraq bir neçə hədis zikr edirik:
"İmam Sadiq (ə) buyurmuşdur: "Başqalarına yardım üçün addım atan şəxsin mücahid və döyüşçü savabı var.”  "İnsan xalqa yardım göstərmək fikrində olana qədər Allah ona yardım edir.”  "Müsəlmanın yardım göstərməsi bir ay müstəhəb oruc və etikafdan üstündür.”  "Zalıma yardım göstərən şəxs özü də zalımdır.” "Zalıma hətta məscid tikməkdə belə kömək etməyin.” 
Bildirişlər
1. Allahın möminlərdən xüsusi bir intizarı var.
2. İlahi mərasimlərə və nişanələrə ehtiram iman əhlinin vəzifəsidir.
3. İlahi mərasimlərə və nişanələrə qarşı hörmətsizlik haramdır.
4. Zamanın ayrı-ayrı dönəmləri fərqlidir. Bəzi günlərin "əyyamullah” (Allah günləri) və bəzi ayların haram aylar kimi xüsusi hörməti var.
5. İlahi məqsəd yolunda ayrılmış heyvana da hörmət lazımdır.
6. Allah evinin yolçularına ehtiram göstərilməlidir. (Allah evi ziyarətçilərinin ehtiram və əmin-amanlığını pozan istənilən bir proqram haramdır. İstər həcc səfəri olsun, istərsə də ümrə.)
7. Həcdə əsil məqsəd Kəbənin ziyarətidir.
8. Həcc və ümrə dünya və axirəti qazanmaq üçün bir yoldur.
9. Halal fayda ardınca getmək bir dəyərdir. Quran Allah fəzlini ilahi razılıq və yaxınlıqla yanaşı tutmuşdur.
10. İslam ölkələri üçün Məkkədə iqtisadi fəaliyyət və tacarət azaddır.
11. Maddi faydalar Allahın insana fəzli və ilahi rübubiyyət şənindəndir.
12. Müəyyən dövrdə başqalarının düşmənçiliyi bizə başqa bir dövrdə zülm və təcavüzə əsas vermir.
13. Ədalətsizlik və həddi aşmaq haramdır. Düşmənlərlə münasibətdə də bu prinsip gözlənilir. (İntiqam alarkən də ədaləti gözləyin.)
14. Dini hisslər zülm üçün bəhanə ola bilməz.
15. Əhdlərə vəfa, ilahi mərasimlərin hörmət və müqəddəsliyinin qorunması yardıma ehtiyaclıdır.
16. Başqalarının xatalarına göz yummaq yaxşılığa yardım yollarından biridir.
17. İslam hökuməti və islami cəmiyyət beynəlxalq səhnədə məzlumları və yaxşı işləri himayə, zülm və pislikləri məhkum etməlidir.
18. Fəzilətlərin hərtərəfli inkişafı üçün şərait hazırlanmalı və həmin məqsədə çatmaq yolunda yardım göstərilməlidir.
19. Qəbilə, məntəqə, irq və dil yox, həqiqət himayə olunmalı "birr”ə yardım edilməlidir.
20. İslam cəmiyyətində xeyirxah fərd tənha deyil və zalımın yardımçısı yoxdur.
21. İlahi nişanələrin müqəddəsliyini sındırıb, pisliyə kömək göstərən kəslər ilahi cəzaya hazırlaşmalıdırlar.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.