Əl-Maidə surəsi - Ayə: 4

Məkkəvi Quran-ı Kərim
Əl-Maidə surəsi - Ayə: 4
Səndən onlara nəyin halal edildiyini soruşurlar. De: «Bütün pak şeylər (ağılın qəbul etdiyi və insan təbiətinin meyl göstərdiyi ərzaq, geyim və digər yaşayış vasitələri) sizə halal edildi. (Həmçinin) Allahın sizə öyrətdiklərindən onlara öyrədərək təlim keçib əhliləşdirdiyiniz ov heyvanlarının (ovladıqları sizə halaldır). (Beləliklə) sizin üçün tutub saxladıqları hər bir heyvandan yeyin və (onları ov üzərinə göndərərkən) onun üçün Allahın adını çəkin. Allahdan qorxun. Şübhəsiz Allah tez hesab çəkəndir.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Maidə surəsi 4. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Maidə surəsi / ayə 4 MÖHSÜN QƏRAƏTİ.

"(Ey peyğəmbər,) səndən soruşurlar ki, onlar üçün nələr halal olmuşdur? De ki, "bütün pak şeylər sizin üçün halal olmuşdur. (Eləcə də) ov ardınca göndərdiyiniz və Allahın sizə öyrətdiyinə xatir öyrətdiyiniz ov itlərinin (ovu). Onların sizin üçün tutduqlarından yeyin. (Ov heyvanını göndərən zaman) Allahın adını çəkin və Allahdan çəkinin. Allah tez hesab çəkəndir.”
Nöqtələr
"Cəvarih” sözü "carihə” sözünün cəm forması olub "cərh” kökündən alınmışdır və kəsb və yara kimi iki məna daşıyır. Ovçu heyvana "carihə” deyilir. Çünki o ya ovu yaralayır, ya da onu sahibi üçün kəsb edir. Kəsb və səy vasitəsi olan bədən üzvləri də «cəvarih» adlandırılmışdır.
"Mukəllibin” sözü "kəlb” sözündən olub «it» mənasını bildirir. Yalnız təlim görmüş ov itlərinin ovu halaldır. Bu it ovun ardınca göndərilməli və onu saxlamalıdır. İt ovu özü üçün ovlamışsa, həmin ovu yemək haramdır.
Bildirişlər
1. Peyğəmbərlər cəmiyyətdəki təbii sual və ehtiyaclara cavab verirlər.
2. Bilmədiklərimizi peyğəmbərlər və onların varislərindən soruşaq. (İlkin İslam dövrü müsəlmanlarında dini hökmlərin və vəzifələrin öyrənilməsinə münasibətdə məsuliyyət hissi var idi.)
3. Sual bir dəyərdir və məsuliyyət hissinin göstəricisidir.
4. Sual Quran ayələrinin tədricən nazil olma zəminəsidir.
5.Ümmətin peyğəmbərlə rabitəsi vasitəsiz olur.
6. İslamda qidalanma məsələsinə əhəmiyyət verilmişdir.
7. Hər hansı qida aşkar və ya gizli çirkinliyə görə haram edilir.
8. Əsas və külli qanun odur ki, bütün pak və xoşagəlimli şeylər halaldır.
9. İslam fitri din olduğundan könül oxşayan və zərərsiz şeyləri halal bildirir. (Şəriət və yaranış (təbiət) arasında tam uyğunluq var.)
10. Təlim təkcə insana aid deyil. Heyvanlara da təlim verilə bilər.
11. Bilik hətta itə də dəyər verir. Bu yolla itin səmərəsi artır. İt azca təlim görməklə bir ömür ovunu öz müəlliminə bağışlayır. Bəs bütün biliklərini Allahdan öyrənmiş insanlar Allah üçün nə edir?
12. Ovlanmış ətin bir hissəsi ovçu heyvana çatır. (Ayədəki "min” hissəsi ovun bir qisminə işarədir.)
13. Ov itini göndərən zaman Allahın adını çəkin.
14. İtdən istifadə edərkən İlahi göstərişlərə riayət təqva nişanəsidir.
15. Bəzi çöl heyvanlarının əti halaldır. ("Ov” sözü heyvanın çöl heyvanı olmasını göstərir)
16. Məad və Allahın dərhal hesab çəkməsinə diqqət yetirmək təqva səbəblərindən biridir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.