Əl-Maidə surəsi - Ayə: 6

Məkkəvi Quran-ı Kərim
Əl-Maidə surəsi - Ayə: 6
Ey iman gətirənlər, namaza durarkən (dəstəmazınız olmayanda) üzlərinizi və dirsəklərinizə qədər əllərinizi yuyun və başınıza və iki ayaqlarınızın üzərinə hər iki ayağınızın üstündəki qabarıq yerə kimi məsh edin. Əgər cənabətli olsanız yuyunun (qüsl edin). Əgər xəstə və ya səfərdə ikən sizlərdən biri ayaqyolundan gəlmiş, yaxud qadınlarla yaxınlıq etmiş olsa və su tapmasanız, onda pak torpaq axtarın. (Hər iki əlinizin içini ona vurduqdan sonra) həmin torpaqdan üzünüzə və əllərinizə çəkin (təyəmmüm edin). Allah əsla sizə çətinlik yaratmaq istəmir, lakin sizi paklaşdırmaq və Öz nemətini sizə tamamlamaq istəyir (ki,) bəlkə şükr edəsiniz. 7. Allahın sizə olan nemətini və «eşitdik və itaət etdik» dediyiniz zaman (peyğəmbərliyi və dini qəbul etməklə) sizinlə bağladığı əhd-peymanını xatırlayın. Allahdan qorxun ki, həqiqətən Allah ürəklərdə olanı biləndir.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Maidə surəsi 6. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Maidə surəsi / ayə 6 MÖHSÜN QƏRAƏTİ.

"Ey iman gətirənlər! Namaza durduğunuz vaxt üzünüzü və əllərinizi dirsəyədək yuyun, başınızın bir hissəsi və ayaqlarınızın üzünə yoxuşadək məsh çəkin. Cünub olduqda özünüzü pak edin (qüsl verin). Əgər xəstə və ya müsafir olsanız, ya sizlərdən biri ayaqyolundan gəldikdə, ya qadınlarla yaxınlıq etdikdə (qüsl və ya dəstəmaz üçün) su tapmasanız, pak torpaqla təyəmmüm edin. Üzünüz və əllərinizə həmin torpaqdan məsh çəkin. Allah sizi çətinlikdə qoymaq istəmir. Əksinə, sizi pak etmək və nemətini sizin üçün tamamlamaq istəyir. Bəlkə şükür edəsiniz.”
Nöqtələr
"Nisa” surəsinin 43-cü ayəsində qüsl və təyəmmüm mövzularına işarə olundu. Bu ayədə əlavə olaraq dəstəmaz məsələsinə toxunulur.
"Qiyam”, sözü "ila” hissəsi ilə yanaşı işləndikdə "iradə etmək, istəmək” mənasını bildirir. Yəni "namaz qılmaq istədiyin vaxt.”
"Cünub” sözü tək və cəm halda həm qadın, həm də kişiyə eyni şəkildə aid edilir. Bəlkə də bu ayədə «cünub olmaq» dedikdə yalnız möhtəlim olmaq, «qadınlarla təmas» dedikdə cinsi yaxınlıq nəzərdə tutulur.
"Fəttəhhəru” göstərişi qüsl verilməsinə aiddir. Bu ehtimal "Nisa” surəsinin 43-cü ayəsinə əsaslanır.
"Dirsəklərə qədər” ifadəsi istiqamət yox, ölçü göstərir. Ərəb dilində həm barmaqlardan əl topuğunadək, həm barmaqlardan dirsəyədək, həm də barmaqlardan çiyinədək olan hissəyə "yəd”, yəni "əl” deyilir. Ayədə buyurulur ki, dəstəmazda əli nə az, nə də çox, dirsəyədək yuyun.
Təyəmmümdə bir bəndəlik ruhiyyəsi var. Əli torpağa vurub ən uca üzv olan alına çəkməkdə bir təvazö var.
Su çirkinliyi aradan qaldırdığı kimi, pak torpaqda da mikrob öldürmə xüsusiyyəti var. Çünki torpaq günəş şüası və yağış altındadır.
"Suud” sözündən olan "səid” sözü uca yer mənasını bildirir. İmam Sadiq (ə) "səidən təyyiba” ifadəsi haqqında buyurur: "Bu söz üstündən üzüaşağı su axan uca yeri bildirir.”  Bəli, çirkin suyun toplandığı çökəyin torpağı təyəmmümə münasib deyil. Çünki təyəmmüm üçün pak torpaq şərtdir.
Hədisdə oxuyuruq: "Namaz yalnız təharətlə (dəstəmaz, qüsl və ya təyəmmüm) düzgündür.” 
Hədisdə oxuyuruq: "Həmin yerdən başla ki, Allah Quranda başlamışdır.”  Quranda əvvəlcə üz, sonra qolların yuyulması, daha sonra baş və ayaqlara məsh çəkilməsi bildirildiyi kimi, dəstəmaz da eyni ardıcıllıqla alınır.
İmamdan soruşuldu ki, dəstəmazda nə üçün başın bir hissəsinə məsh çəkilir? İmam buyurdu: "Biruusikum” sözünün başlanğıcındakı "ba” hərfinə görə. Uyğun söz başın bir hissəsini bildirir. Əgər eyni söz "ba” hərfi olmadan işlənsəydi, bütün baş nəzərdə tutulardı.” 
İmam Sadiq (ə) buyurmuşdur: "Ayədəki "laməstum” sözü cinsi yaxınlığı bildirir. Allah bu mənanı örtülü bəyan etmişdir. Allah bizdən fərqli olaraq örtülü danışmağı sevir.” 
İmam Riza (ə) dəstəmazın fəlsəfəsi haqqında buyurmuşdur: "Dəstəmaz Allah qarşısında duran zaman paklıq zəminəsidir.”; "Dəstəmaz bəndəlik və itaət nişanəsidir”; "Dəstəmaz çirkinlik və murdarlıqdan uzaqlıq amilidir”; "Dəstəmaz süstlük və yuxululuqdan kənarlıq səbəbidir.”; "Dəstəmaz namaza hazırlıq və ruhi təkamüldür.” 
Bildirişlər
1. Təmizlik və paklıq iman şərtləridir.
2. Paklıq namaz şərtidir.
3. Quranla təmas pak insanlara aid olduğundan Allahla rabitə də paklığa ehtiyaclıdır.
4. Cismin çirkinliyi Allahla yaxınlığa mane olur.
5. Mövzunun əsas məqsədi, xüsusi ilə yaxınlıq məsələlərində, həya, iffət və ədəbin gözlənilməsidir. Hüquqi məsələlərdə çaşqınlıq yaranmasın deyə, qanunlar aydın və pərdəsiz bəyan olunur. Mehriyyə və həzrəti Məryəmə atılan böhtanların rəddi ilə bağlı uyğun şəkildə bəyanatlar verilir. 
6. Namazın şərtləri və müqəddimələri yüngülləşdirilə bilər. Amma namaz heç vəchlə öhdədən götürülmür.
7. Dəstəmaz və ya qüsl suyu tapmaq üçün çalışmaq lazımdır. Əgər səylər nəticə verməsə, növbə təyəmmümə çatır. ("Fələm təcidu” ifadəsi o zaman işlənir ki, insan çalışsa da axtardığını tapa bilməsin.)
8. Çirkin su və ya torpaq ilə Allahla rabitə bərqərar etmək olmaz.
9. Əvvəlki iki ayədə bəyan olunduğu kimi, həm qidalar, həm də hazırda işarə olunduğu kimi, təyəmmüm torpağı pak olmalıdır.
10. Dini hökmlərdə çətinlik yoxdur.
11. Dəstəmaz, qüsl və təyəmmümdə məqsəd mənəvi paklıq və Allahla rabitəyə hazırlıqdır.
12. İlahi vəzifə insan üçün bir nemətdir.
13. Vəzifənin yerinə yetirilməsi Allaha şükür nümunələrindəndir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.