Hud surəsi - Ayə: 46

Məkkəvi Quran-ı Kərim
Hud surəsi - Ayə: 46
(Allah) buyurdu: «Ey Nuh, o sənin ailəndən deyil (ögey oğlundur və ya küfr və itaətsizlik nəticəsində qohumluq tellərini qırıb, çünki) o (başdan-başa) nalayiq əməldir! Buna görə də Məndən, bilmədiyin şeyi istəmə. (Nuh Allahdan oğlunun bağışlanmasını istəmək ərəfəsində idi ki, Allah onu bu işdən çəkindirdi.) Mən nadanlardan olmayasan deyə sənə öyüd verirəm.»
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Hud surəsi 46. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Hud surəsi / ayə 46 MÖHSÜN QƏRAƏTİ.

“(Allah cavab olaraq) buyurdu: “Ey Nuh! O sənin ailəndən deyil. O,
qeyri-saleh əməl sahibidir. Bilmədiyin şeyi məndən istəmə. Həqiqətən, Mən
sənə moizə edirəm ki, cahillərdən olmayasan.”


Nöqtələr
◘Peyğəmbər haqqında işlədilmiş “fəla təs`əlni” (Məndən istəmə) tə`biri gerçək
bir istəyə işarə deyil. Çünki həzrət Nuh növbəti ayədə bilmədiyi şeyi istəməkdən
Allaha pənah aparır. Nuh elə düşünürdü ki, oğlu haqq əhlidir. Allah isə Nuhun
övladı haqqında həqiqəti bildirir.
◘Peyğəmbər (s) və mə`sum imamlardan nəql olunmuş bir çox rəvayətlərdə
“ləysə minna”, yə`ni “bizdən deyildir” tə`biri qeyd olunur. Bu tə`birin bə`zi
nümunələrini nəzərdən keçirək: Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Hər kəs bir
müsəlmana xəyanət etsə, bizdən deyil.” Digər bir rəvayətdə həzrət (s) buyurur:
“Xalq bir şəxsə ondan qorxduğu üçün hörmət göstərərsə, o şəxs məndən deyil.”
Başqa bir hədisdə oxuyuruq: “Hər kəs sübh vaxtı müsəlmanlara xidmət fikrində
olmasa, müsəlman deyil.”
Sual: “Təhrim” surəsinin 10-cu ayəsində Nuh və Lutun zövcələri haqqında
“onlar xəyanət etdilər” deyə buyurulur. Burada isə belə bəyan edilir: “Ey Nuh!
Övladın sənin əhlindən deyil.” Bu o demək deyilmi ki, Nuhun övladı zinadan
yaranmışdır?
Cavab: Əvvəla, Nuhun zövcəsinin ona xəyanəti peyğəmbərin sirlərinin
kafirlərə açılmasından ibarət idi. İkincisi, ayədə Nuhun oğlunun nöqsanı onun
qeyri-saleh olması bildirilir.


Bildirişlər
1.Əqidə bağlılığı ailə və qohumluq bağlılıqlarından üstündür. (Başqa diyardan
olan Səlman, Peyğəmbərin (s) əhli-beyti sayıldığı halda, Peyğəmbərin (s) əmisi
Əbu-Ləhəb lə`nətlənir.) (Nuhun nifrini ilə qərq olanlar başqa bir səbəbdən yox,
imansızlıqlarına görə cəzalandılar)
2. Bə`zən insan xeyir və şərə elə qatılır ki, sanki həmin əməlin bir parçası olur.
3. Peyğəmbərlərin də Allah moizəsinə ehtiyacları var. (Allah Öz
peyğəmbərlərini həssas məqamlarda oyadır və hifz edir.)
4. Cahil işlərdən çəkinmək lazımdır. (Allahdan hikmətsiz bir şey istəmək
cahillikdir.)

 

Müəllif: MÖHSÜN QƏRAƏTİ.