Əl-Bəqərə surəsi - Ayə: 67

Məkkəvi Quran-ı Kərim
Əl-Bəqərə surəsi - Ayə: 67
Və (yadınıza salın) o zaman(ı) ki, Musa öz qövmünə dedi: «Allah sizə (naməlum şəxsin qatilinin kimliyinin bilinməsi üçün) dişi bir inək kəsməyinizi əmr edir». Dedilər: «Bizi məsxərə edirsən?!» Dedi: «Nadanlardan olmaqdan Allaha pənah aparıram.» (Çünki, məsxərə etmək nadanların işidir.)
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Bəqərə surəsi 67. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 67 MÖHSÜN QƏRAƏTİ.

"(Xatırlayın) o zaman ki, Musa öz qövmünə dedi: "Allah sizə bir dişi inək kəsməyinizi əmr edir.” Dedilər: "Bizi məsxərəyəmi qoymusan?” Musa dedi: "Cahillərdən olmaqdan Allaha pənah aparıram.

Nöqtələr
Surəni ondakı əhvalata görə "Bəqərə” ("İnək”) adlandırmışlar. İnək kəsilməsi əmri Tövratda bir mühakimə qanunu kimi bəyan olunmuşdur. Macəra belə baş vermişdir: Bəni-İsrail arasında qatili bilinməyən bir məqtul (qətlə yetirilən) tapıldı. Qövm arasında mübahisələr, çəkişmələr başladı. Hər bir qəbilə bu qətli o biri qəbilənin ayağına yazırdı.
Onlar mühakimə və məsələnin həlli üçün həzrət Musanın yanına getdilər. Musa onlara buyurdu: "Allah əmr etmişdir ki, bir inək kəsəsiniz və onun ətindən bir parçanı cəsədə toxundurasınız. Belə etsəniz, o diriləcək və öz qatilini tanıtdıracaq.” İnadkar qövm Musanın bu təklifi qarşısında dedi: "Yoxsa bizi məsxərəyə qoymusan?” Musa dedi: "Məsxərə cahillərin işidir. Mən isə cahillərdən olmaqdan Allaha pənah aparıram.”
Quran və rəvayət dilində cəhl nadanlıq yox, düşüncəsizlik mənasındadır. Ona görə də "cəhl” elmin yox, əqlin antonimi kimi işlədilir. Başqalarını məsxərə etmək düşüncəsizlik nişanəsi olduğundan həzrət Musa bu sifətdən Allaha pənah aparır.
Bildirişlər
1. Allahın əmri bizim düşüncəmizə və zövqümüzə uyğun olmadıqda, onun hikmətini anlamadığımız vaxt həmin əmri inkar etməməliyik.
2. Musa inəyin kəsilməsi göstərişinin Allah tərəfindən olduğunu bəyan edir ki, bəlkə ədəbə riayət edib təslim olalar. Amma onlar yenə də bəhanə gətirirdilər.
3. Əgər Allah istəsə, bir ölünü o birinə toxundurmaqla dirildər.
4. İnəyi öldürməklə onun müqəddəs olması fikri aradan qalxır. Necə ki, İbrahim bütləri sındırdı, Samirinin qızıl buzovu yandırıldı.
5. Xalqın peyğəmbərə iman dərəcəsi onların ilahi göstərişlərlə davranışından başa düşülür.
6. İstiazə və Allaha pənah aparılması sığortalanma yollarından biridir. Peyğəmbərlərin isməti və günahsızlığı, istiazə və pənah aparmağın sayəsindədir.
7. Məsxərə etmək cahil və düşüncəsiz insanların işidir.
8. Cəhl elə bir təhlükədir ki, Allah övliyaları bu təhlükədən Allaha pənah aparmışlar.
9. Bir macərada Allah qüdrətinin nümayişi ilə tövhid, Musanın möcüzəsi ilə peyğəmbərlik, ölünün dirilməsilə məad sübuta yetirilir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.