"(Xatırlayın) O zaman ki, dediniz: "Ya Musa, biz hər gün eyni təam yeməyə dözməyəcəyik. Rəbbindən istə ki, bizim üçün torpağın bitirdiyi şeylərdən - tərəvəzdən, xiyardan, sarımsaqdan, mərcidən və soğandan yetirsin.” Musa dedi: " Siz yaxşı nemətin əvəzində bu cür alçaq şeylərmi istəyirsiniz? Belədirsə, şəhərə daxil olun, istədiyinizi orada taparsınız. "Onlara zəlalət və möhtaclıq damğası vuruldu. Allahın qəzəbinə düçar oldular. Bunun səbəbi onların Allah ayələrini inkar etmələri, peyğəmbərləri haqsız yerə öldürmələri idi. Bunun səbəbi onların günahkarlığı, asiliyi və həddi aşmaları idi."
Bəni-İsrail mənn və səlva nemətlərinə şükür etmək əvəzinə ifrata varıb çeşidlilik arzusuna düşdü və yerin bitirdiklərindən istədilər. Ayədə nümunə olaraq göyərtinin, xiyarın, soğanın, sarımsağın adı çəkilir. Həzrət Musa onların üstün nemətlər əvəzində sadə şeylər istəməsindən təəssüf duyaraq onlara dedi: "Əgər dediyiniz şeylərdən dadmaq istəyirsinizsə, şəhərə gedib düşmənlərinizlə döyüşməlisiniz." Sizdə bir tərəfdən cihad halı yoxdur, digər tərəfdən şəhər həyatının üstünlükləri arzusundasınız. Allah xəbər verir ki, bu qövm malik olduğu xüsusiyyətlərlə zillətə düşüb, ilahi qəhr və qəzəbə düçar olasıdır.
Çeşidlilik tələbi, daha çox əldə etmək arzusu insanın əsir olması üçün bir tələdir. Xalqın bu xüsusiyyətindən istifadə edən istismarçılar çeşidli libaslar, tikililər, miniklər və bər-bəzək əşyaları ilə onları əsarət altına alırlar.
1. Qarınqululuq insanın alçalması amillərindən biridir.
2. Rifah istəyi zillət zəminəsidir.
3. Danışıqda ədəbsizlik azğın ruhiyyə nişanəsidir. Onlar "dözməyəcəyik” əvəzinə” yeməklərin bir növ olması bizə ağırdır” deyə bilərdilər. Eləcə də, "Rəbbindən istə” əvəzinə "Rəbbimizdən istə” demək mümkün idi.
4. Bəni-İsrail istəklərinə hədd-hüdud qoymayan qövmdür.
5. Xırda şeylər üçün ağız açmaq nəfsin itiliyi, asılılığı və alçaqlığı nişanəsidir.
6. İnsanın həqiqi xeyirinin təminatçısı onun Allahın qismətindən razı olub səbir etməsidir. Şəhər həyatı və hər şeyə malik olmaq təkamül nişanəsi deyil. Bu imkanlar insanın süqutuna da səbəb ola bilər.
7. Şəhərdə yaşayıb hər cür imkana malik olmaq inkişaf və təkamül əlaməti deyil; bəzi vaxtlarda bu iş süqut amili də sayılır.
8. Təhlükəli işlər azğın fikirlərə bağlıdır.
9. Peyğəmbərlərin tarixi Allah yolunda şəhadətlə qol-boyundur.
10. Ardıcıl günah küfrə, küfr isə cinayətə səbəb olur.
11. Zillət və bədbəxtlik millət, irqə yox, insanın xasiyyətlərinə, əqidəsinə və əməllərinə bağlıdır.