"(Onlar Musaya) dedilər: "Bizim üçün Allahından istə ki, onun rənginin necəliyini bizə aydınlatsın.” (Musa) Dedi: "Həqiqətən, Allah buyurur ki, o, görənləri şad edən tam sarı rəngli dişi bir inəkdir.”
Zibh (kəsmək) əmri iki dəfə verilsə də, onlar sanki qatili tanıyır, sadəcə bunu bildirmək istəmirdilər. Ona görə də inadkarlıq və bəhanəçiliklə çoxlu suallar verirdilər. Nəhayət, inəyin rəngi haqqında soruşdular. Allah onların cavabında buyurdu: "İnəyin rəngi tünd və xalis sarı olsun. Elə bir rəng ki, görənləri sevindirsin.” Yəni bu inək xüsusi biçimə, sağlamlığa, rəngə və gözəlliyə malik olsun. Əgər onların ağırlıq ölçmək üçün bir vasitəsi olsaydı, şübhəsiz ki, inəyin çəkisini də soruşardılar!
Bizə yersiz suallar qadağan edilmişdir. Quranda oxuyuruq: "Cavabı verildikdə sizin üçün çətinlik yaradan şeylər haqqında soruşmayın.”("Təfsiri-nümunə”, c. 5, s. 96. )
Bir gün həzrət Peyğəmbər (s) həccin vacibliyi və əhəmiyyəti haqqında xütbə oxuyurdu. Xütbənin gedişində bir şəxs sual verdi: "Həcc hər ilmi vacibdir? " Həzrət Peyğəmbər (s) cavab vermədi. Həmin şəxs ikinci dəfə sualı təkrarladı. Həzrət narahat olub buyurdu: "Nə üçün israr edirsən? Əgər desəm bəli, işiniz çətin olacaq. Mənim susduğumu gördükdə israr etməyin.” Sonra həzrət Peyğəmbər (s) buyurdu: "Keçmiş qövmlərin həlak olmasının səbəblərindən biri onların yersiz sualları idi.”("Şərhe-İbn Əbdül-Hədid”, c. 18, s. 102. )
Həzrət Əli (ə) "Nəhcül-bəlağə”də buyurur: "Allah bəzi işlərin hökmü üzərindən sükutla keçmişdir. Bu sükutun səbəbi unutqanlıq yox, sizin üçün əməl meydanının geniş olmasıdır. Ona görə də yersiz suallarla xırdaçılıq etməyin.”("Təfsiri-Nurus-səqəleyn”, c. 1, s. 89. )
1. Sarı rəng, rəvayətlərdə də bildirildiyi kimi, dinin sifarişidir.
2. Rənglərin insan ruhiyyəsinə təsiri vardır.