"(Yada salın) O zaman ki, dedik: "Bu kəndə (Beytül-Müqəddəsə) daxil olun və onun bol nemətlərindən nə istəyirsinizsə, ləzzətlə yeyin. Qapıdan (Beytül-Müqəddəs məbədi) səcdə edən və xaşe halda daxil olun və deyin: "Hittə” (günahlarımızı tök), Biz də sizin xətalarınızı bağışlayaq. Biz yaxşı əməl sahiblərinə artıq əvəz verəcəyik.”
"Maidə” surəsinin 21-ci ayəsində buyurulduğu kimi, bu ayədəki kənd sözü Beytül-Müqəddəsə işarədir. Tih biyabanında qırx il qaldıqdan sonra bəni-İsraillə Beytül-Müqəddəsə daxil olmaq əmri verildi. Onlar məscidə daxil olduqları vaxt mübarək "Hittə” sözünü deməli idilər. "Hittə” günahların yuyulması, bağışlanma istəyi və tövbənin bəyanıdır. "Ətyəbul-bəyan” təfsirində bildirilir ki, ayədəki qapı sözü şəhər darvazasına yox, hazırda da, "babul-Hittə” adlanan məscid qapısına aiddir. Ayədəki səcdə sözü məscidə daxil olduqdan sonra yerinə yetiriləsi şükür səcdəsini bildirir.
1. Xalqın ehtiyacının təmini onlara ibadət əmrindən öndə gəlir.
2. Müqəddəs məkanlara daxil olmaq üçün xüsusi ehtiram lazımdır.
3. Bağışlamaq Allahdandır, tövbə və bağışlanma istəyi isə bizdən.
4. Dua və tövbə qaydasını Allahdan öyrənməliyik.
5. Allahın göstərişlərinə əməl etmək bağışlanmağımızın zəminəsidir.
6. İstiğfar günahkarlar üçün bağışlanma, salehlər üçün yüksəliş əsasıdır.