Əl-Bəqərə surəsi - Ayə: 229

Məkkəvi Quran-ı Kərim
Əl-Bəqərə surəsi - Ayə: 229
(Kişinin arvadı yenidən özünə qaytarmaq haqqına malik olduğu ric’i) talaq iki dəfədir. Beləliklə (hər dəfə iddə müddətində qayıdaraq onu) yaxşılıqla saxlamaq və ya (qayıtmayıb onu) xoşluqla buraxmaq (kişinin öhdəsinədir). Və sizə onlara (mehriyyə kimi) verdiyinizdən bir şeyi geri almaq caiz deyil, hər ikisinin Allahın müəyyən etdiyi qanunlara riayət etməməkdən qorxmaları istisna olmaqla. Buna görə də əgər (siz şəriət hakimləri) o ikisinin Allahın hökmlərini yerinə yetirməyəcəklərindən qorxsanız (onların heç birinin digərini istəmədiyi və ya qadının kişini heç istəmədiyi təqdirdə onlara bildirin ki,) qadının (özünü azad etməsi üçün talaq əvəzində mehriyyənin bir hissəsini, ya hamısını, yaxud da ondan da çoxunu) fidyə verməsində onlar üçün heç bir günah yoxdur. Bunlar Allahın (təyin etdiyi) sərhədləridir, onları pozmayın. Allahın sərhədlərini pozanlar, həqiqətən zalımdırlar.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Bəqərə surəsi 229. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 229 MÖHSÜN QƏRAƏTİ.

"Talaq iki dəfədir. Sonra da bəyənilmiş şəkildə zövcəni saxlamaq, ya da xoşluqla ayrılmaq gəlir. Siz kişilər üçün rəva deyil ki, arvadlarınıza verdiyinizi geri alasınız. Yalnız ərlə arvad ilahi hədləri pozmağa qorxduqları zaman belə olar. Onların ilahi hədlərə riayət edə bilməyəcəyindən qorxduğunuz vaxt, qadının fidyə və əvəz verməsinin eybi yoxdur. Onlar Allahın hədləridir. Bu həddə təcavüz etməyin. Hər kəs Allahın hədlərinə təcavüz etsə, zalımlardandır.”
Nöqtələr
Cahiliyyət dövründə qadını boşamaq və geri qaytarmaq adi bir iş idi. Amma İslam bir qadını boşayıb yenidən evlənməni iki dəfə caiz saydı. Üçüncü boşanmadan sonra yenidən evlənmək icazəsi yoxdur. Bu qanun qadının və ailənin ehtiramını hifz edir.("Rum”, 21. )
İslamda talaq halalların ən mənfuru və ən pisi sayılır. Amma bəzən ixtilaf elə bir həddə çatır ki, ailə həyatının davamı mümkünsüz olur.
Bu ayədə kişi tərəfindən gerçəkləşən talaqla yanaşı, qadın tərəfindən təklif olunan talağa da işarə olunmuşdur. Boşanmanı qadın təklif etdikdə, o öz mehriyyəsini azadlığa qurban verir. Yəni kişinin təklifi ilə talaq baş tutduqda qadın mehriyyəsini alır, qadın özü boşanmanı təklif etdikdə mehriyyədən əl çəkməli olur.
Talaq sayı boşanma və evlənmənin sayı ilə təyin olunur. Bir dəfəyə "mən üç talaq verdim” deyən şəxs əslində bir dəfə talaq vermiş olur. Çünki o öz talağı ilə yalnız bir nikahı aradan götürür. Beləcə, Əhi-beyt (ə) fiqhinə görə, bir neçə talaq bir neçə mərhələdə gerçəkləşməlidir.
Bir dəfəyə üç talaq vermək mümkünsüzdür. Ona görə də məsləhət görülmür ki, ailə həyatı birdəfəyə bir qərarla məhv edilsin. (Əl-Əzhər universitetinin rəisi Şeyx Mahmud Şeltut deyir: "Mən talaq məsələsində üstünlüyü şiə fiqhinə verirəm.”)
Bildirişlər
1. Başqaları ilə əlaqəni kəsərkən birdəfəyə qərar çıxarmaq yox, götür-qoy üçün meydan vermək lazımdır.
2. Qadına əzab-əziyyət vermək qadağandır. Kişi kam almaq və ya psixoloji zərbə vurmaq üçün evlənib boşana bilməz.
3. Ailə həyatında şəxsi zövqdən çəkinmək və adi həyat tərzinə üstünlük vermək lazımdır.
4. Ayrılıq acılığını hədiyyə və ehsan şirinliyi ilə aradan qaldırın.
5. Talaq kin, sərtlik və intiqam amili olmamalıdır. Hətta talaq zamanı da yaxşılıq və ehsan əsas şərtdir.
6. Həyat yoldaşının qorunması həyatda əsas məsələdir.
7. İslamda hüquq və əhkam əxlaq və mərhəmətdən kənar deyil. "Ehsan” və "məruf” sözləri bu nöqtələrə işarədir.
8. Hüquqlara riayət etmək lazımdır. Kişi qadının haqqı olan mehriyyəni kəsə bilməz.
9. Qadın və kişinin istəkləri ilahi hədlər çərçivəsində olmalıdır.
10. Boşanma üçün qadın və kişinin mövqeyi kafi deyil. Onların ailə həyatının davamına başqalarının da ümidsiz olması şərtdir. Bəzən ər və arvad deyir: "Bizim əxlaqımız fərqlidir.” Amma bu sözləri doğuran həyəcandır. Çünki Quran qadın və kişinin münasibətləri məsələsində xalqın da mövqeyini meyar sayır.
11. Qərar çıxararkən ilahi hədlərin gözlənilməsi və vəzifənin icrası əsas götürülməlidir. Əgər ilahi hədlərə riayət olunsa, izdivac qorunar, hədlər pozularsa, boşanma gerçəkləşər.
12. Qadının boşanma hüququ ona dözülməz vəziyyətdən çıxış yolu qoyur.
13. İslam məcburi, kin-küdurətli həyat tərzi ilə müvafiq deyil. Qadın azad olmaq üçün mehriyyəsini verməyə hazırdırsa, İslam onun üçün yol qoyur. Əlbəttə, qadın tərəfindən irəli sürülmüş boşanma təklifini kişinin qəbul etməsi vacib deyil.
14. İlahi qanunun pozulması zülmdür.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.