"Qadınlarınıza talaq verdiyiniz və onların möhləti (iddəsi) başa çatdığı zaman onların əvvəlki həyat yoldaşları ilə izdivaclarına mane olmayın. Əlbəttə ki, aralarında bəyənilmiş şəkildə razılıq bərqərar olsa. Sizlərdən Allaha və qiyamət gününə inanan hər kəsə bu göstərişlərlə ibrət verilər. Bu əmr (ona əməl) sizin üçün daha çox xeyir və paklığınızın mayasıdır. Allah bilir, siz isə yox!”
Əgər boşanmış qadınlar öz keçmiş ərləri ilə razılığa gəlib yenidən ailə qursalar, ayrı-ayrı fərdlərin və cəmiyyətin islahında çox təsirli olar. Çünki belə hallarda onların şəxsi məlumatları və sirləri gizli qalır, övladlar öz valideynlərinin və həqiqi tərbiyəçilərinin qoynuna qayıdır. Digər tərəfdən, ər-arvad ayrılığın acısını çəkdiklərindən bir daha ayrılacaqlarından narahatdırlar.
1. Ər seçimində boşanmış qadının rəyi möhtərəmdir. Növbəti izdivacda başqasının icazəsinə ehtiyac yoxdur.
2. Bir dəfə boşanmaqla həmişəlik bədbin olmayın. Bəlkə də boşanmadan sonra hər iki tərəf peşman olub, bəyənilmiş tərzdə yeni həyata başlamaq istəsin.
3. Evlənmənin əsas şərti iki tərəfin razılığıdır.
4. İzdivac razılığı ağıl və ədalətə əsaslanmalıdır.
5. Başqalarının şəri izdivacı yolunda çətinlik yaradıb, pozucu fəaliyyət göstərənlər Allaha və qiyamət gününə olan imanlarına şəkk etməlidirlər.
6. Təbii və şəri cazibələrin qarşısını almayın. Boşanmış ər-arvad arasında şirin xatirələr də ola bilər. Bu xatirələr yada düşdükdə ər və arvad təbii və şəri yolla bir-birinə qovuşmasalar, büdrəmə və azğınlıq təhlükəsi yaranar.
7. Cəmiyyətin sağlamlığının hifzi üçün boşanmış qadınlar ərsiz qalmamalıdır.
8. Yenidən izdivacın bərəkəti, əvvəlki yoldaşın yanına qayıdış, eləcə də, boşanma və təkliyin fəsadları bəşər düşüncəsinin fövqündədir.