Əl-Bəqərə surəsi - Ayə: 230

Məkkəvi Quran-ı Kərim
Əl-Bəqərə surəsi - Ayə: 230
Beləliklə əgər kişi ona (üçüncü dəfə) talaq versə (onu boşasa), daha o qadın başqa bir ərə getməyincə, ona (əvvəlki ərinə) halal olmayacaqdır. Əgər (ikinci əri) ona təlaq versə, qadına və əvvəlki ərinə Allahın hökmlərini bərqərar etmələrinə ümidvar olduqları təqdirdə (yenidən) bir-birlərinə qayıtmaları günah deyildir. Bunlar Allahın bilən (və əməl edən) dəstə üçün bəyan etdiyi hökmləridir.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Bəqərə surəsi 230. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 230 MÖHSÜN QƏRAƏTİ.

"Belə ki, əgər (iki dəfə boşanıb təkrar evləndikdən sonra kişi zövcəsini üçüncü dəfə) boşayarsa, artıq qadın ona halal olmayacaq. Yalnız başqa bir kişiyə ərə gedib talaq aldıqdan sonra bir-birlərinin yanına qayıda bilərlər. Əlbəttə ki, ilahi hədləri bərpa edəcəklərinə ümidli olsalar. Bunlar Allahın agah insanlar üçün bəyan etdiyi hədlərdir.”
Nöqtələr
İslamda bəzi hədlərin tələsik qərarların qarşısını almaq məqsədi ilə müəyyənləşdirildiyi nəzərə çarpır. Məsələn:
a) Qadınını boşamaq istəyən şəxs bu işi o zaman görə bilər ki, qadın pak halda (heyz halında yox) olsun və boşanma iki ədalətli şahidin iştirakı ilə həyata keçsin. Kişi boşamaq istədiyi qadının xərcini ödəməlidir ki, bu qadın həmin müddətdə özünü bəzəməklə kişiyə göstərə bilsin. Bu şərtlərin hər biri tələsik boşanmanın qarşısını alır.
b) Camaat xüsusi söhbətlər üçün Peyğəmbərə (s) üz tuturdu. Allah göstəriş verdi ki, peyğəmbərlə xüsusi söhbət etmək istəyən şəxs əvvəlcə sədəqə verməlidir. Bu qanun qeyri-zəruri müraciət və sualların qarşısını alırdı.("Kafi”, c.3, s. 268.)
Hər halda zövcəsini iki dəfə boşamış kişinin üçüncü dəfə onunla evlənməsi üçün həmin qadının başqa bir kişidə ərdə olub boşanmasının şərt qoyulması tələskənliyin qarşısını alan İslam qanunlarının digər bir nümunəsidir.
Bildirişlər
1. Kişilər onlara verilmiş ixtiyardan sui-istifadə etməməli, talaq (boşanma) haqlarının məhdud olduğunu yadda saxlamalıdırlar. Rəvayət olunur ki, imam Riza (ə) belə buyurdu: "Talağı yüngül saymayın və qadınlara zərər yetirməyin.”
2. İlahi hökmlər əsasında yaşayışa ümid evlənmənin şərtidir.
3.Müsəlmanlar bilsinlər ki, ilahi hədlər təkcə namaza, zəkata, həccə və cihada aid deyil. Ailə məsələlərində də ilahi hədlərə riayət olunmalıdır.
4. İlahi hədlərin sirrini və hikmətini hər adam bilməz. Adi adamlar göstərişlərin zahirini, agah adamlar isə onların ruhunu və dərinliyini görür.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.