"Qadınlarınıza talaq verdikdə və möhlət ("iddə”) başa çatdıqda, ya onları layiq olduqları tərzdə saxlayın, ya da bəyənilmiş şəkildə azad edin. Onları əziyyət vermək üçün saxlamayın ki, təcavüz edəsiniz. Belə edən şəxs özünə zülm edib. Allahın ayələrini məsxərəyə qoymayın. Allahın sizə verdiyi neməti, öyüd üçün nazil etdiyi səmavi kitabı və hikməti xatırlayın. Allahdan qorxun və bilin ki, Allah hər şeydən xəbərdardır.”
Çaşqınlıq, zülm, təhlükə böyük olan yerdə xəbərdarlıq və tövsiyələr də çox olmalıdır. Əvvəlki iki ayədə xoşluqla ayrılmaq tapşırılsa da, bu ayədə növbəti dəfə buyurulur: "Onları layiq olduqları tərzdə saxlayın, ya da bəyənilmiş şəkildə azad edin.” Çünki ayrılıq məqamında qadın və kişinin ruhi durumu adi olmur. Həmin vaxt intiqam hissi, bir-birinə zərbə vurmaq, əzab vermək istəyi öz fövqünə çatır.
Qadının hüquqlarının pozulmasında kişi özü də əzab çəkir. Qadın və kişi varlıq nizamında vahid bir cismin əzalarıdır. Bir əzanı incitmək bütün vücudu incitməkdir. Qadına zülm edən insan ilahi cəzanın görüşünə gedir. Ona görə də uyğun rəftarla özünə zülm etmiş olur.
1. İslam səfalı və sevgili birgə yaşayış istəyindədir. Qadını incitmək məqsədi ilə saxlamaq haramdır.
2. Həyat yoldaşı ilə pis rəftar edənlər təcavüzkardırlar.
3. Qadına zülm insanın özünə zülmdür.
4. İzdivac böyük ilahi ayələrdəndir.("Rum”, 26. )Yersiz talaqlar və əzab məqsədi ilə saxlamaqla bu müqəddəs qanuna istehza olunmamalıdır.
5. Kin-küdurət, acılıq əvəzinə nemətləri yad edin. Kiçik ailə problemlərini milyonlarla ilahi nemət kənarında böyük saymayın.
6. Ailə münasibətlərinin sağlamlaşdırılması üçün səmavi kitabın hökm və moizələrinə diqqət, həm də təqva lazımdır.
7. Özünü Allah hüzurunda bilən kəs günahdan çəkinər.
8. Boşanmada məqsədiniz yoldaşınıza zülm və sui-istifadə olsa, bilin ki, Allah bundan xəbərdardır.