Yusif surəsi - Ayə: 10

Məkkəvi Quran-ı Kərim
Yusif surəsi - Ayə: 10
Onlardan biri (qardaşların ən böyüyü və ağıllısı) dedi: «Yusufu öldürməyin və əgər (doğrudan da) bir iş görənsinizsə, onu quyunun dibinə atın ki, karvanlardan hansısa onu götürsün (və bu məntəqədən çıxarıb aparsın)». (Onlar elə bu qərara da gəldilər.)
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Yusif surəsi 10. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Yusif surəsi / ayə 10 MÖHSÜN QƏRAƏTİ.

"Onların arasından dillənən biri dedi: "Yusifi öldürməyin, onu quyunun dibinə atın ki, karvanlardan biri onu götürsün.”
Nöqtələr
"Cubb” dedikdə daş döşənmiş quyu başa düşülür. "Ğəyabət” quyunun divarında suya yaxın bir hissədə düzəldilmiş taxçadır. Yuxarıdan baxdıqda bu taxçalar görünmür.
"Nəhy-əz münkərin”, yəni pisliyə qadağa qoymağın gələcəkdə üzə çıxan bir sıra bərəkətləri var. "Öldürməyin” qadağası Yusifə nicat verdi. Yusif sonrakı illərdə məmləkəti qıtlıqdan qurtardı. Fironun arvadı Asya da "öldürməyin” deməklə Musanın canını qurtarmışdı. Musa sonralar Bəni-İsraili Fironun şərindən xilas etdi. "Maidə” surəsinin 32-ci ayəsində ilahi vədin aydın bir nümunəsi verilmişdir: "Hər kəs bir nəfərə həyat versə, sanki bütün xalqa həyat vermişdir.”
Bildirişlər
1. Bəzən bir fərdi pis işdən çəkindirmək bir toplumun baxışını dəyişə bilər. (Bir nəfər "öldürməyin” dedi, bir dəstənin fikrini dəyişdi.)
2. Sözü deyənin adı yox, sözün mənası mühümdür.
3. Çoxluqdan qorxmayaq, onlarla həmrəng olmayaq.
4. Əgər pis işin qarşısını tamamilə almaq mümkün deyilsə, ona güc çatan həddə mane olmaq lazımdır.
5. Nəinki yaxşı işlərdə, bəyənilməyən işlərdə də məsləhətləşmək faydalıdır. (Yusifin qardaşları onu qətlə yetirmək barədə məsləhətləşdilər).
6. Fəsadla mübarizə üçün bəzən fəsadı fəsadla aradan götürmək lazım gəlir. ("Onu öldürməyin, quyuya atın”.)
7. Pis işə qadağa qoymaqla yanaşı yaxşı iş təklif edək. (Bir işi görmə deyiriksə, deyək ki, hansı iş görülməlidir.)
Müəllif: MÖHSÜN QƏRAƏTİ.