Yusif surəsi - Ayə: 6

Məkkəvi Quran-ı Kərim
Yusif surəsi - Ayə: 6
«Və beləcə (bu yuxuda seçildiyin kimi) Rəbbin səni (gələcəkdə) seçəcək və yuxuların və (səmavi kitablarda, peyğəmbərlərin sözlərində gəlmiş) hədislərin yozumunu sənə öyrədəcək və səndən öncə ataların İbrahimə və İshaqa tamamladığı kimi sənə və Yəqub ailəsinə (də) nemətini tamamlayacaqdır. Həqiqətən, Rəbbin bilən və hikmət sahibidir.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Yusif surəsi 6. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Yusif surəsi / ayə 6 MÖHSÜN QƏRAƏTİ.

"Bu sayaq Rəbbin səni seçər, yuxularının təbirindən xəbərdar edər və sənə və Yəqub ailəsindən olanlara nemətini tamamlayar. Necə ki, bundan öncə atan İbrahim və İshaq üçün tamamladı. Həqiqətən, Rəbbin biləndir və hikmət sahibidir.”
Nöqtələr
Yuxu yozumu batinin və yuxunun gerçəkləşmə yolunun bəyanı mənasındadır. "Hədis” sözünün cəm forması olan "əhadis” sözü macəranın nəqlini bildirir. İnsan öz yuxusunu başqalarına nəql etdiyindən yuxu da hədis adlandırılmışdır.
Bu ayədə həzrət Yəqub Yusifin yuxusunu onun üçün təbir edir və gələcəkdən xəbər verir.
Ayədən zahirdə belə görünür ki, "Rəbbin bu sayaq səni seçər” cümləsini ya Allah, ya da həzrət Yəqub söyləyir. Çünki Yəqubun elmi Allah tərəfindəndir və düzgün bir öngörənlikdir. Həmin dövrdə Yusif peyğəmbər olmadığından Allahın ona bu cümlə ilə xitab etməsi tam məntiqidir.
Bildirişlər
1. Peyğəmbərlər Allahın seçilmişləridir.
2. Vücud gövhərinin parlaması üçün Yusif müxtəlif çətinliklərlə üzləşdi.
3. İnsanın dəyəri onun yaşında deyil. Yaşca kiçik olan bir şəxs uca dəyərlərə malik ola bilər. (Yusif öz qardaşlarından kiçik idi.)
4. Allahın övliyaları bir yuxu ilə insanların gələcəyini bilirlər.
5. Mühüm və həlledici bilikləri hər adama öyrətmək olmaz. Öncə layiqli insanları seçmək, sonra onları elmlə silahlandırmaq lazımdır.
6. Elm Allahın Öz övliyalarına olan ilk hədiyyəsidir.
7. Peyğəmbərlər Allahın bilavasitə şagirdləridirlər.
8. Yuxu təbiri Allahın insana əta etdiyi bacarıqlardandır.
9. Qeyblə rabitə yollarından biri yuxu yozumudur.
10. Yusifə öyrədilən elm də məhdud olmuşdur.
11. Nübuvvət və hökumət məqamı nemətlərin zirvəsidir.
12. Quran dilində əcdad ata hökmündədir.
13. Bir şəxsin elmi, tərbiyəsi və ləyaqəti həm də onun ailəsi, qohumları üçün bir nemətdir.
14. Yəqub ailəsinə nemətin tamamlanması Yusifin qardaşlarının xeyir aqibətini göstərir.
15. Peyğəmbərlər ilahi elm və hikmət əsasında seçilirlər.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.