NUR TƏFSİRİ: Yusif surəsi / ayə 8
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"O vaxt ki, (qardaşları ona) dedilər: "Həqiqətən, Yusif və onun qardaşı (Benyamin) böyük bir dəstə olan bizlərdən atamıza daha əzizdir. Həqiqətən, atamız aşkar azğınlıqdadır.”
Nöqtələr
Əlbir və güclü qrupa "usbət” deyilir. Çünki belə bir qrup bir bədənin əsəb sistemi kimi qarşılıqlı himayə ilə fəaliyyət göstərir.
Yəqubun övladlarından ikisi (Yusif və Benyamin) bir anadan, o biri övladlar isə başqa bir anadan idilər. Yəqub ya körpə olduğuna, ya da kamalına görə Yusifi çox sevirdi. Onun bu sevgisi Yusifin qardaşlarında həsəd yaratmışdı. "Biz güclü qrupuq” demələrindən belə məlum olur ki, onlarda həsəddən əlavə qürur və təkəbbür də olmuşdur. Onlar məhz həmin qürur və həsəd səbəbindən atalarını öz övladlarına münasibətdə səhvə yol verməkdə ittiham edirdilər.
Cəmiyyətdə bir qrup insanlar özlərini yüksəltmək əvəzinə yüksəkdə olanları alçaldırlar. Onlar özləri sevilmədiyindən sevilənlərə qarşı çıxırlar.
Ayrıseçkilik və fərq sözləri fərqli məna daşıyır. Ayrıseçkilik dedikdə, heç bir dəlilə əsaslanmadan birini o birindən üstün tutmaq nəzərdə tutulur. Fərq isə ləyaqətə əsaslanan üstünlükdür. Məsələn, müəllimin verdiyi qiymətlər fərqli olur. Amma bu fərq zülm yox, hikmət əsasındadır. Həzrət Yəqubun öz övladı Yusifə məhəbbəti zülm sayılmamalıdır. Amma Yusifin qardaşları bu məhəbbəti dəlilsiz sayır və deyirdilər: "Həqiqətən, atamız aşkar surətdə azmışdır.”
Bəzən güclü məhəbbət başağrısına səbəb olur. Yəqub Yusifi çox sevirdi. Bu sevgi səbəbindən qardaşları ona qarşı həsəd apardılar və onu quyuya atdılar. Necə ki, Züleyxanın Yusifə bağlılığı Yusifin zindana düşməsi ilə nəticələndi. Yusifin əxlaqına heyran qalan zindan rəisi ona dedi: "Mən səni çox istəyirəm. Qorxuram ki, bu istəyin də ardınca bəla gələ.”
Bildirişlər
1. Həsəd səbəbindən yaşlı insanlar da belə öz şəxsiyyətlərini unudub uşaqlara qarşı kin saxlayırlar. (Yusif gənc olsa da, yaşlılar ona həsəd aparırdılar)
2. Əgər övladlar ayrıseçkilik hiss etsələr, onlar arasında həsəd alovlanar.
3. Hər bir insanda sevilmək istəyi var. İnsan özü biganəlikdən əziyyət çəkir.
4. Həzrət Yəqub bütün övladlarını sevirdi. (Qardaşları deyirdi ki, atamız Yusifi daha çox sevir: yəni Yəqub o biri övladlarını da sevirdi.)
5. Zor və qüdrət insanı sevdirə bilməz. (Yusifin qardaşları qüdrətli idilər, amma sevimli deyildilər.)
6. İnsanlar bir yerdə olduqda özlərində güc və qüdrət hiss edirlər.
7. Həqiqi və Allah bəyənən rəhbər olmadan qrup yaratmaq süqut amillərini daha tez gerçəkləşdirir.
8. İnsan xəta və günaha yol verməzdən öncə özü üçün dəlil axtarır, əməlinə don geyindirir. (Yusifin qardaşları özlərini güclü bir qrup, atalarını isə azğın sayırdılar.)
9. Gənclər özlərini bir növ yetkin ağıl sahibi sayır, atalarının baxışlarına əhəmiyyət vermirlər.
10. Güc və qüdrət hissi ağılı kor edir.
11. Yanlış meyarların yanlış nəticələri olur. (Əgər güc və say meyar olsaydı, azlıqda qalanlar azğın sayılardı.)
12. Eqoist adamlar uğursuzluqda özlərini yox, başqalarını ittiham edirlər. (Yusifin qardaşları özlərini həsədcil saymaq əvəzinə atalarını azğın adlandırdılar.)
13. Həsəd nübuvvət və atalıq sərhədlərini də pozur. Övladlar həm də ataları olan peyğəmbəri çaşqınlıq və ədalətsizlikdə ittiham edirlər.
14. İnsan o qədər qafil ola bilər ki, özü azdığı halda başqalarını azğın sayar.