Yusif surəsi - Ayə: 7

Məkkəvi Quran-ı Kərim
Yusif surəsi - Ayə: 7
Həqiqətən Yusufda (onun özündə ruhunun əzəməti, insani keyfiyyətlərinin kamilliyi və peyğəmbərlik məqamı baxımından) və qardaşlarında (onunla qardaşlarının başına gələnlərdə) soruşanlar üçün (ibrət və hidayət) nişanələr(i) vardır.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Yusif surəsi 7. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Yusif surəsi / ayə 7 MÖHSÜN QƏRAƏTİ.

"Həqiqətən, Yusif və qardaşlarında (onların əhvalatında) axtaranlar üçün nişanələr var.”
Nöqtələr
Həzrət Yusifin əhvalatında bir çox ilahi qüdrət nişanələri nəzərə çarpır. Bu nişanələrin hər biri həqiqəti axtaranlar üçün ibrət və öyüddür. Bu nişanələri nəzərdən keçirək: Həzrət Yusifin sirli yuxusu; yuxu təbiri elmi; Yəqubun öz övladının gələcəyindən xəbərdar olması; quyuda olub zərər görməmək; quyunun dibi və zirvə; zindana düşmək və hakimiyyətə çatmaq; pak olmaq və günahda ittiham edilmək; ayrılıq və vüsal; bəndəlik və sultanlıq; günahdan qaçmaq üçün zindan; günahkar qardaşların dərhal bağışlanması.
Bu nişanələrlə yanaşı müəyyən suallar ünvanlamaq olar. Bu sualların hər birinə verilən cavab həyat yolunu işıqlandırır. Sualları nəzərdən keçirək:
1. Həsəd insanı qardaş qətlinə necə sürükləyir?
2. Bir xəyanətdə 10 nəfər necə həmrəy olur?
3. Yusif xəyanətkar qardaşlarını necə bağışlayır?
4. Necə olur ki, insan ona Allahı xatırladan zindanı günah ləzzətindən üstün tutur?
Bu surə elə bir vaxtda nazil oldu ki, İslam Peyğəmbəri (s) ciddi iqtisadi və ictimai mühasirədə idi. Bu əhvalat həzrət Peyğəmbərə (s) təsəlli verdi. Ona ürək-dirək verilirdi ki, yaxınlarının iman gətirməməsindən narahat olma, Yusifin qardaşları onu quyuya atdılar!
Bildirişlər
1. Əhvalatın bəyanından öncə dinləyicini eşidib ibrət götürməyə hazırlamaq lazımdır.
2. Həsəd ailə və qohumluq bağlarını da məhv edir.
3. Yusifin əhvalatının iki mehvəri var: Yusif və onun qardaşları. Hansı tərəfdən başlasaq, yenə də nəticəyə yetişirik.
4. Əhvalat bir olsa da onun ibrətamiz nöqtələri və dərsləri çoxdur.
5. Sual həqiqətə çatmaq yollarındandır.
6. Nə qədər ki, dinləməyə və öyrənməyə təşnə deyilik, Quran dərslərindən yetərincə faydalanmayacağıq.
7. Quranın xatırladığı əhvalatlar xalqın həyatı ilə bağlı suallara cavab verir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.