NUR TƏFSİRİ: Yusif surəsi / ayə 5
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"(Yəqub) dedi: "Oğulcan! Yuxunu qardaşlarına danışma, yoxsa sənə qurğu qurarlar. Həqiqətən, şeytan insanın aşkar düşmənidir.”
Nöqtələr
Həyat üsullarından biri sirr saxlamaqdır. Əgər müsəlmanlar bu ayəyə əməl etsəydilər, bir bu qədər xəttatlıq əsərləri, elmi mənbələr, sənət əsərləri yadellilərin muzeylərini bəzəməzdi. Eləcə də mütəxəssis, diplomat, səyyah adı ilə bizim mənbə və imkanlarımızdan xəbər tutmazdılar. Sadəlik və xəyanət səbəbindən bütün sirlərimiz daim qurğu qurmaq fikrində olan biganələrə faş oldu.
Həzrət Yusif öz yuxusunu qardaşlarından gizli atasına danışdı. Bu onun iti ağlının göstəricisi idi.
Bildirişlər
1. Qardaşlarınıza mehribancasına müraciət edin.
2. Ata-analar öz övladları ilə səmimi rabitə qurmalıdırlar ki, övladlar öz sözlərini onlara deyə bilsin.
3. Ailə mühitində və cəmiyyətdə mövcud olan həsəd təhlükəsindən övladlarımızı xəbərdar edək.
4. Övladlarımıza uşaq yaşlarından sirr saxlamağı öyrədək.
5. Biliklər və məlumatlar aşkar və gizli olmaqla iki hissəyə bölünməlidir.
6. Hər adamla hər söz danışmayın.
7. Fəsadın qarşısını almaq məqsədi ilə fəziləti gizlətmək gərəkli işdir.
8. Övladlardan birində istedad gördükdə bunu digər övladlara açıqlamayaq.
9. İti ağıllı və istedadlı fərdləri tanıtdırarkən ehtiyatlı olmaq lazımdır.
10. Əgər yuxu bəzən danışılası olmursa, insanın oyaq vaxtı gördüyü bir çox şeylər də danışılmamalıdır.
11. Həzrət Yəqubda yuxunu təbir etmək üçün bilik və vergi vardı.
12. Şeytan bəzən qulağın dibindədir.
13. Xəstəliyin qarşısını almaq onu müalicə etməkdən üstündür. (Yuxunu qardaşlara danışmamaq bir növ həsədin qarşısını almaqdır.)
14. Peyğəmbərlərin də ailəsində həsəd, hiylə kimi əxlaqa zidd xüsusiyyətlər görünmüşdür.
15. Həsəd üçün zəmin yaratmayın.
16. Həsəd insanın gözünü elə bağlayır ki, o hətta qohumluq haqlarını görə bilmir.
17. Yusifin qardaşları onun yuxusundan və gələcək məqamından xəbərsiz olduqları üçün pisliyə əl atdılar. Əgər xəbər tutsaydılar necə?!
18. Öngörənlik və gələcəyi nəzərə alma dəyərli sifətlərdəndir.
19. Sirlərin və bəzi məlumatların açıqlanması insana baha başa gələ bilər.
20. Bəzi sirlər o qədər mühümdür ki, onların faş olması bir və ya bir çox insanın həyatını təhlükəyə atır.
21. Mühüm və həssas məqamlarda təhlükəni öncədən xatırlamaq lazımdır.
22. Həzrət Yəqub övladlarının Yusifə qurğu qurduğuna əmin idi.
23. Mühüm məsələləri öncədən görmək üçün bəzən sui-zənnin və ya xislətlərin açıqlanmasının eybi yoxdur.
24. Valideyn övladlarının bir-birinə münasibətindən xəbərdar olmalıdır ki, ailəni yaxşı idarə edə bilsin.
25. Hiylə şeytani işdir.
26. Şeytan daxili zəminlərdən istifadə edərək bizə hakim olur. (Qardaşlar arasındakı həsəd şeytanın insana münasibətdə düşmənçiliyinin üzə çıxması üçün zəmindir).
27. İnsan peyğəmbər övladı olsa da şeytan onun düşmənidir.
28. İnsana uşaq vaxtından şeytanı tanıtdırmaq, onun planlarını açıqlamaq lazımdır.